Azərbaycanda ilk dəfə “Ağıllı poçt qutuları”nın istehsalına başlanılıb

Azərbaycanda ilk dəfə “Ağıllı poçt qutuları”nın istehsalına başlanılıb
# 17 may 2022 09:41 (UTC +04:00)

Azərbaycanda “Ağıllı poçt qutuları” - “Kargomat”ın istehsalına və tətbiqinə başlanılıb. Azərbaycanda yaxın iki ildə 500-dən çox “Ağıllı poçt” terminalının istehsalı və quraşdırılması nəzərdə tutulur. Bununla bağlı 2021-ci ildə istehsalçı şirkət və sifarişçi arasında uzunmüddətli əməkdaşlıq haqqında sənəd imzalanıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, hazırda terminalların Türkiyədə qurulması ilə bağlı danışıqlar aparılır ki, bu da öz növbəsində Azərbaycan və Türkiyə arasında innovativ sənaye istehsalı sahəsində kooperasiyanın genişləndirilməsinə xidmət edəcək.

“Kargomat” tam avtomatlaşdırılmış poçt qutularından ibarət terminaldır. Bu terminallar vasitəsilə bağlamaları 7/24 rejimində növbə gözləmədən, təhvil nöqtələrinin və kuryerlərin iş qrafikindən asılı olmadan əldə etmək mümkündür. “Kargomat” terminalları sensor ekran, POS terminal, QR kod və barkod skanerlər, videomüşahidə kameraları və etibarlı elektron qıfıllar ilə təchiz olunub. Terminalların fəaliyyəti, kuryerlərin onlayn xidmətlərinə inteqrasiya olunub və tam avtomatik çalışır, operatorlar şəbəkənin distant nəzarətini və idarə edilməsini həyata keçirirlər. Bağlamaların ölçüsünə uyğun olaraq "Kargomat"larda müvafiq yuvalar var. Alıcı onlayn mağazada məhsulu sifariş etdikdən sonra çatdırılma üsulu kimi özünə ən yaxın olan “Kargomat” terminalını seçir. Bağlama qeyd olunmuş “Kargomat”a çatdırıldıqda istifadəçi SMS vasitəsilə bildiriş alır. 3 gün ərzində bildirişdə qeyd olunan kodu daxil etməklə bağlamanı əldə etmək mümkündür. Hazırda kuryer xidmətləri ilə anlaşma çərçivəsində “Kargomat”lara çatdırılma pulsuzdur. "Kargomat"ların market və ticarət şəbəkələrində, nəqliyyat qovşaqlarında və s. ərazilərdə yerləşdirilməsi davam edir.

Qeyd edək ki, bir sıra xarici ölkələrdə çatdırılmaların 70%-dən çoxu məhz “ağıllı poçt qutuları” vasitəsilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR