Azərbaycanda torpaq sahələrinin kadastr planını əldə etmək üçün elektron sistem tətbiq olunub

Azərbaycanda torpaq sahələrinin kadastr planını əldə etmək üçün elektron sistem tətbiq olunub
# 06 sentyabr 2019 15:12 (UTC +04:00)

Azərbaycanda mülkiyyətçilər torpaq sahələrinin koordinatlarını, plan ölçüsünü, hansı ərazidə yerləşməsi ilə bağlı dəqiq məlumatları özündə əks etdirən kadastr planını əldə etmək üçün tələb olunan xidmət haqqını internet vasitəsilə onlayn olaraq hesablaya bilər.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar bu imkanı Komitənin təklif etdiyi bu xidməti “Kadastr kalkulyatoru” ilə əldə edə bilər.

Xidmət Komitəsinin Elektron Xidmətlər Portalının (e-emdk.gov.az) müvafiq bölməsinə yerləşdirilib. Xidmətdən istifadə üçün əmlakın yerləşdiyi şəhər və rayonu, torpağın sahəsi və kateqoriyası, ehtimal edilən nöqtələrin və parsellərin sayı daxil edilməlidir. Kadastr planlarının və yer quruluşu xəritələrinin tərtibi ilə bağlı elektron xidmətdən istifadə üçün daşınmaz əmlakın növü, tərtib olunan plan və ya xəritənin sayı da qeyd olunmalıdır. İstifadəçi öz istəyinə uyğun xidmətin tezləşmə müddətini qeyd etməklə xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.

Bundan başqa adıçəkilən elektron xidmətə daxil olmaqla “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını da öyrənmək mümkündür. Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar “Kadastr planlarının və yer quruluşu xəritələrinin tərtibi” xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellərin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir. Qeyd edək ki, torpaq kənd təsərrüfatı təyinatlıdırsa bu zaman həmin sahənin çoxillik əkmələr və ya digər kateqoriyaya aid olduğu göstərilməlidir. Texniki inventarlaşdırma işləri zamanı daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğu, faktiki vəziyyəti, texniki göstəriciləri və tərkibi müəyyən edilir.

Vətəndaşın öncədən kadastr xidmətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq ödəyəcəyi məbləğlə tanış olması prosesdə şəffaflığı artırır, şəxsi seçiminə uyğun daha düzgün qərarı verməsini təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR