Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yeni tranzit imkanlara yol açır

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yeni tranzit imkanlara yol açır
# 26 aprel 2022 11:22 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın nəqliyyat, logistika və tranzit potensialı, eləcə də dəmir yolları şəbəkəsinin genişləndirilməsi və yenidənqurulması istiqamətində görülən işlərlə bağlı təqdimat edilib. Qonaqlar dəmir yollarının müxtəlif sahələrində aparılan irimiqyaslı layihələri əks etdirən videoçarxla tanış olublar.

ADY-dan “APA-Economics”ə verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov ölkənin polad magistralında həyata keçirilən islahatlar, Qarabağda başlanılan quruculuq işləri çərçivəsində bərpa edilən dəmir yolu xətləri haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan geosiyasi mövqeyindən istifadə edərək, əsas nəqliyyat “hab”ına çevrilir.

Nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini, Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan Azərbaycana səfərləri çərçivəsində müxtəlif mövzularda müzakirələrdə iştirak etdiklərini bildirib. Qonaq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gələcək inkişafı, bu dəhliz vasitəsilə daşımaların optimallaşdırılması, multimodal daşımaların çevik və sürətli həyat keçirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə və Avropaya, həmçinin əks istiqamətdə yüklərin çatdırılma müddətini və məsafəsini qısaltmağa imkan verir.

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev hər iki ölkənin nəqliyyat-tranzit imkanları, eləcə də dəmir yolları ilə yükdaşımaların müsbət dinamikasına diqqət çəkib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yeni tranzit imkanlarına yol açır. Qazaxıstan bütün sahələrdə olduğu kimi nəqliyyat sektorunda da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Görüş iştirakçıları beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi və həmin dəhlizlər üzrə daşımaların həcminin, tranzit potensialının artırılması istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparıblar. Görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri müxtəlif mövzular ətrafında müzakirələr ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR