Azərbaycanın peyk rabitə operatoru Fransanın "Kosmik İqlim Rəsədxanası" təşəbbüsünə qoşulub

Azərbaycanın peyk rabitə operatoru Fransanın "Kosmik İqlim Rəsədxanası" təşəbbüsünə qoşulub
# 20 iyun 2019 13:51 (UTC +04:00)

Azərbaycanın peyk rabitə operatoru “Azərkosmos” ASC Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin (CNES) “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünə qoşulub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müəssisə “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün iştirakçısı olmaqla ətraf mühitin qorunmasına dair fəaliyyətlərə dəstəyini daha da gücləndirəcək. Eləcə də, peyk məlumatları ilə iqlim dəyişikliyinin ətraf mühitə və insanlara təsirlərinin müəyyənləşdirilməsinə və konkret həll üsullarının təklif olunmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, “Azərkosmos” 17 iyun 2019-cu il tarixində Fransanın “Le Burje” kommunasında iki ildən bir keçirilən və dünyanın ən mötəbər tədbirlərindən biri olan 53-cü Beynəlxalq Paris Aviasiya Şousunda iştirak edib və tədbir çərçivəsində CNES-in təşəbbüsü ilə yaradılan rəsədxana üçün birgə bəyannaməni imzalamaqla adıçəkilən təşəbbüsə qoşulub.

Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutan tədbir zamanı bəyannaməni BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadə üzrə Komitəsi, Avropa Kosmik Agentliyi, Avstriya, Braziliya, Çin, İngiltərə, İsrail, Hindistan və digər ölkələrin kosmik agentlikləri də daxil olmaqla ümumilikdə 21 tərəf imzalayıb.

2017-ci ildə yaradılan “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün məqsədi dünya ölkələrinin kosmik agentliklərini hazırda bəşəriyyət üçün vacib olan iqlim dəyişiklikləri təhlükəsinə qarşı səmərəli və proqressiv cavab tədbirlərinə yönəltməkdir. Bu təşəbbüsünün əsas fəaliyyət sahəsinə iqlim dəyişikliyinin ekoloji böhranlara səbəb olan təsirlərini modelləşdirmək, bu təsirləri izləmək üçün peyk resurslarını elmi tədqiqatlarla birləşdirmək, iqlim dəyişikliyinin ortaya çıxardığı problemləri müasir texnologiyaların köməyi ilə həll etmək, bu işdə xüsusilə süni intellekt həllərinin tətbiqini genişləndirmək daxildir.

Hər il dünyada hava çirklənməsindən 7 milyondan çox insanın dünyasını dəyişdiyini nəzərə alsaq, bu təşəbbüs insanlığın gələcəyi üçün atılmış mühüm bir addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR