“Azəriqaz”: Qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər kəskin azalıb

“Azəriqaz”: Qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər kəskin azalıb
# 11 noyabr 2022 11:56 (UTC +04:00)

Hazırda Bakı şəhərində qaz təchizatı ilə bağlı heç bir problem mövcud deyil və SOCAR “Azəriqaz” İstehsalat Birliyinin qazla təmin edə bilməyəcəyi hər hansı bir ərazi yoxdur.

"APA-Economics" xəbər verir ki, bunu İB-nin Bakı Reqional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, mövsümünə hazırlıqla bağlı işlərin icrasına bu ilin may ayında başlanılıb və hazırda tamamlama işləri aparılır.

“Sual oluna bilər ki, soyuq günlərdə müəyyən problemlər yaşandı, lakin bununla bağlı dərhal tədbirlər görüldü və şəbəkədə olan bütün qüsurlar, vətəndaşların ünvanlarında olan fərdi problemlər, qaz təchizatında yaranan çətinliklərin hər biri aradan qaldırılıb”, - Rauf Əhmədov qeyd edib.

O bildirib ki, havalar soyuyandan sonra, son bir həftə ərzində qaz təchizatı, qazın təzyiqinin zəif olması ilə bağlı 1 744 şikayət qəbul olunub və bununla bağlı tədbirlər görülür. Hazırda bu istiqamət üzrə işlər davam etdirilir. Şikayətlərin sayı normal günlərdə qeydə alınan müraciətlərin həcminə uyğun olaraq 100-1500 arasıdır. Bunlar da əsasən abonentlərdə fərdi şəkildə yaranan problemlərlə bağlıdır.

“Bu gün Bakı şəhərində 1 mln. 180 minə qədər əhali və qeyri-əhali abonentlərinə xidmət göstərilir. Bu sayın daxilində ünvanlarda müəyyən fərdi problemlərin və qüsurların yaranması normal haldır, hər biri dərhal aradan qaldırılır”, - Rauf Əhmədov vurğulayıb.

Birliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlərin sayının kəskin azalmasını da qeyd edi . Belə ki, onun sözlərinə görə, əgər 2021-ci ilin oktyabrında bu müraciətlərin sayı 19 194 təşkil edirdisə, bu ilin müvafiq dövründə bu göstərici 4 158 səviyyəsində olub, bu da 4,6 dəfə azalma deməkdir.

“Mən istisna etmirəm ki, ola bilsin ki 25 gün, ən pis halda, bir ay ərzində ara-sıra təzyiqlərlə bağlı hər hansı problemlər yaşana bilsin. SOCAR “Azəriqaz” İstehsal Birliyi olaraq, biz bu 1 ayı xüsusi rejimdə işləyəcəyik. Qazın tənzimlənməsi prosesini yoluna qoyaq ki, sonraki proseslər qaydasında olsun”, - Eldəniz Vəliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR