Azərkosmos Keniyanın “CommCarrier” şirkəti ilə əməkdaşlığa başlayıb

Azərkosmos Keniyanın “CommCarrier” şirkəti ilə əməkdaşlığa başlayıb
# 24 yanvar 2023 12:48 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmosla Keniya Respublikasının peyk xidmətləri təqdim edən “CommCarrier” şirkəti arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb.

"APA-Economics" xəbər verir ki, əməkdaşlıq müqaviləsinə əsasən bu gündən etibarən “Azerspace-2” peyki vasitəsilə Keniyanın dövlət xidmət orqanlarında peyk internetinin istifadəsinə başlanılıb.

Qeyd edək ki, “CommCarrier” şirkəti Mərkəzi və Şərqi Afrika regionunda tərəfdaşlarına “Azerspace-2” peykinin KU diapazonu ilə xidmət göstərəcək.

“Peyk xidmətlərimizdən Afrika regionunda hökumət və özəl qurumların istifadəsi bizi sevindirir. “CommCarrier” region üçün etibarlı tərəfdaşdır və biz artıq perspektivli biznes layihələri üzərində işlərimizi sürətləndiririk”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib.

“Azərkosmosla əməkdaşlığımız sayəsində “Azerspace-2” peykinin xüsusilə Mərkəzi və Şərqi Afrika üzrə imkanları bizə tərəfdaşlarımızın artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “CommCarrier” şirkətinin direktoru Qiri Babu qeyd edib.

Qeyd edək ki, “CommCarrier” 1995-ci ildə telekommunikasiya operatoru olaraq fəaliyyətə başlayıb. Baş ofisi Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən “CommCarrier” burada VSAT texnologiyasını – yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsini ilk istifadəyə verən şirkət hesab olunur. Afrika regionunun aparıcı telekommunikasiya şirkəti olaraq dövlət layihələrini uğurla həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR