“AzInTelecom”un “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib

“AzInTelecom”un “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib
# 06 iyun 2022 14:48 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi məhsul və xidmətlərə marağın artması nəticəsində vətəndaşların müraciətlərinin sayında da artım qeydə alınır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, şirkətin qısa müddət öncə ictimaiyyətə təqdim etdiyi SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaşlarının sayının mütəmadi artmasına paralel olaraq istifadəçi sayında da müsbət dinamika hiss olunur. Vətəndaş məmnuniyyətində mükəmməlliyə çatmaq üçün bir neçə gün öncə Müştəri Xidmətləri Mərkəzində xidmət operatorlarının sayı artırılıb.

Hazırda bu təkmilləşdirmə tədbirlərinin davamı olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları” haqqında qərarında göstərilən tələblərin yerinə yetirilməsi məqsədilə “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib.
Artıq vətəndaşlar “AzInTelecom” MMC-nin xidmət və məhsulları ilə bağlı həftənin şənbə və bazar günləri də daxil olmaqla, hər gün “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.

Çağrı Mərkəzinin xidmət imkanlarının genişləndirilməsi üçün yaxın vaxtlarda növbəti addımların atılması da planlaşdırılır.
Qeyd edək ki, “157” Çağrı Mərkəzinin əməkdaşları SİMA yeni nəsil rəqəmsal imza, Mobil Cihazların Qeydiyyat Sistemi, “SmartPay” ödəniş sistemi və “AzDataCom” internet xidmətləri ilə bağlı vətəndaşların məlumatlandırılmasını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR