Bakı Limanı Çin mallarının regiona çıxışı üçün qovşaq rolunu oynaya bilər

Bakı Limanı Çin mallarının regiona çıxışı üçün qovşaq rolunu oynaya bilər
# 24 iyul 2019 16:13 (UTC +04:00)

Çin hökumətinin reallaşdırdığı “Bir Kəmər, Bir Yol” layihəsi üçün Bakı Limanı mühüm əhəmiyyət kəsb edir və nəqliyyat daşımalarında, eyni zamanda Çin mallarının regiona çıxışı üçün liman qovşaq (hub) rolunu oynaya bilər.

APA-Economics”in “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən verdiyi məlumata görə, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao Ələt qəsəbəsində yerləşən Bakı Limanını ziyarət edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal nəqliyyat zəncirində mühüm geosiyasi mövqeyə malikdir. Bu baxımdan Çin nümayəndə heyətinin Bakı Limanına səfər etməsi təsadüfi deyil.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, Ələt qəsəbəsində Çin şirkətlərinin fəaliyyətinin qurulması və məhz buradan regional ticarətlə məşğul olmaları daha məntiqlidir.

Liman Çin hökuməti ilə yaxından əməkdaşlıq edir və keçən il 34 ədəd yükqaldırıcı və yüknəqledici avadanlıqlar (avtoyükləyicilər, teleskopik konteyner yükləyicisi, çətin relyefli kran və sair) quruma hədiyyə olunmuşdur. Bundan başqa, son iki il ərzində 30-a yaxın liman əməkdaşı Çində qısa və uzun müddətli təlimlərdə iştirak edibdir və hal-hazırda iki əməkdaş magistratura təhsili almaqdadır, deyə T. Ziyadov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR