Bakıda ICAO-nun aviasiya təhlükəsizliyi üzrə seminarı keçirilir

Bakıda ICAO-nun aviasiya təhlükəsizliyi üzrə seminarı keçirilir
# 02 oktyabr 2019 10:43 (UTC +04:00)

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika regionu üzrə bürosunun təşkilatçılığı ilə ICAO-nun Şərq, Orta Asiya, Avropanın Balkan və Baltikyanı ərazilərinin dövlətləri üçün yeddinci Aviasiya Təhlükəsizliyi (AVSEC) və Formallıqların sadələşdirilməsi (FAL) üzrə regional seminarı həyata keçirilir.

APA-Economics”in məlumatına görə, seminarda dövlət idarələrindən aviasiya təhlükəsizliyi və formallıqların sadələşdirilməsini təmin edən və fəaliyyətləri ICAO-nun 17-ci Əlavəsinin reallaşdırılması və 9 nömrəli Əlavənin müddəaları ilə əlaqəli olan mütəxəssislər iştirak edir.

İştirakçılar aviasiya təhlükəsizliyi üzrə qlobal planın və regional yol xəritəsinin tətbiqini, həmçinin sözügedən amillərin iştirakçı dövlətlərə təsiri kimi vacib məsələlər ətrafında müzakirələr aparacaqlar.

Seminar zamanı 17-ci Əlavənin potensialının artırılması üçün koordinasiyanın yaxşılaşdırması və düzgün icrasının təmin edilməsi məqsədilə alt qrupların müəyyənləşdirilməsi planlaşdırılır. Həmçinin iştirakçılar təhlükəsizlik mədəniyyətinin daha da inkişaf etdirilməsi məsələlərinə toxunacaq, ICAO-nun vasitələrinin cəmini və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemini (SeMS) müzakirə edəcəklər.

Bundan əlavə, seminarda sərnişin məlumatlarının (API) və sərnişin qeydiyyatı sənədlərinin (PNR) əvvəlcədən təqdim edilməsi məsələləri müzakirə olunacaq. Bununla əlaqədar, BMT Təhlükəsizlik Şurasının 2178 (2014) və 2396 (2017) saylı qətnamələrinin tələbləri, habelə ICAO-nun 9-cu Əlavəsi yenidən müzakirə ediləcək.

Qeyd edək ki, ICAO – BMT-nin 1944-cü ildə yaradılan və beynəlxalq aviasiya standartlarını təyin edən ixtisaslaşmış qurumu olub, təhlükəsizlik və səmərəliliyin artırılması məqsədilə beynəlxalq aviasiyanın inkişafını koordinasiya edir. Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR