Bakıda LoRaWAN simsiz rabitə şəbəkəsi yaradılır

Bakıda LoRaWAN simsiz rabitə şəbəkəsi yaradılır
# 19 iyun 2019 09:48 (UTC +04:00)

Bakıda əşyaların internetini (“internet of things” – IoT) birləşdirəcək LoRaWAN simsiz rabitə şəbəkəsi yaradılır. Bunu “APA-Economics”ə “Sumaks” şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu layihə dövlət qurumu tərəfindən həyata keçirilir və ilkin məlumata əsasən, onun təqdimatı cari ilin sentyabr-oktyabr aylarına gözlənilir.

“Hazırda LoRaWAN texnologiyası bir sıra Avropa və Asiya ölkələrində geniş tətbiq olunur. Texnologiyanın əsas funksiyası ətrafda olan IoT cihazları arasında məlumat mübadiləsinin yaradılmasıdır. Şəbəkəni yaratmaq üçün olduqca az xərc tələb olunur. Məsələn, bir LoRaWAN baza stansiyasının quraşdırılması orta hesabla 300 ABŞ dollarına başa gəlir. 1 000 cihaz arasında məlumat mübadiləsi üçün isə baza stansiyasının minimal internet tarif planına qoşulması kifayət edir”, - deyə C. Məmmədov qeyd edib.

Şirkətinin icraçı direktoru həmçinin əlavə edib ki, IoT cihazları arasında məlumat mübadiləsi üçün sim-modulun olmasına zərurət yaranmır, belə ki, sim-modul LoRaWAN detalı əvəz edir: “Bu isə öz növbəsində şəbəkənin quraşdırılmasını bir qədər də ucuzlaşdırır. Məsələn, hər bir sim-modulun ölkəyə idxalı təxminən 15 manata başa gəlir. Bura gömrük rüsumu, IMEI kodun qeydiyyatı və yol xərcləri daxildir. Bundan başqa hər bir cihazın ayrı ayrılıqda şəbəkəyə qoşulması üçün internetə çıxışı olmalıdır ki, bu da əlavə xərc tələb edir. LoRaWAN detalı isə təxminən 5 manata başa gəlir və onun şəbəkəyə qoşulması üçün əlavə xərc tələb olunmur”, - deyə C. Məmmədov vurğulayıb.

O həmçinin əlavə edib ki, Bakıda yaradılan LoRaWAN simsiz rabitə şəbəkəsinin 433 MHz tezlikdə işləyəcəyi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR