Bakıda "Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər" mövzusunda tədbir keçirilib

Bakıda "Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər" mövzusunda tədbir keçirilib
# 25 sentyabr 2019 11:50 (UTC +04:00)

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər” mövzusunda tədbir keçirilib. Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə Azərbaycan Beynəlxalq Bankının, ölkədə fəaliyyət göstərən inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri, eləcə də aparıcı startapların təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ekonotonun təşkilində əsas məqsəd bu sahədə mövcud vəziyyətin təhlili və dəyərləndirilməsi, ölkəmizdə startap ekosisteminin inkişafı üçün yeni təkliflərin formalaşdırılmasıdır.

“Startap ekosisteminə dəstək məqsədilə EnterpriseAzerbaijan.com portalı, biznesə başlama, startap şəhadətnaməsi, güzəştli vergi rejimi, inkubasiya və akselerasiya mərkəzləri və digər sahələrdə siyasət həyata keçirilir. İnformasiya və rabitə xidmətləri bu ilin ilk 8 ayında 17,6% artaraq 1,4 mlrd. manata çatıb. Azərbaycanın innovativ şirkətləri öz məhsullarını və xidmətlərini ixraca yönəldir. Bununla yanaşı, startapların dünya çapına çıxması üçün mentorluq, prototip məhsulların hazırlanması, kraudfandinq, kraudinvestinq, mələk investor, toxum investor, vençur kapitala çıxışın təmin edilməsi sahəsində fəaliyyətlərin əlaqələndirilməsi zərurəti var", - deyə V. Qasımlı qeyd edib.

O həmçinin əlavə edib ki, EnterpriseAzerbaijan.com portalı özünün “kickstarter” platforması ilə bu sahədə fəaliyyət göstərir. Təkcə 2016-2018 ci illərdə dünyada strataplar 2,8 trilyon dollar dəyər yaradıb: "Dördüncü sənaye inqilabının çağırışlarına cavab verən Azərbaycan böyük potensiala malikdir".

Öz növbəsində, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə Mərkəzinin bu gün ölkədə aparılan iqtisadi islahatların monitorinqi, eləcə də ixracın dəstəklənməsi sahəsində reallaşdırdığı layihələrin, eləcə də startap ekosisteminin formalaşdırılması istiqamətində atılan addımların bank üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Düşünürük ki, Azərbaycan Beynəlxalq Bankının Mərkəzlə əməkdaşlıq əlaqələrinin inkişafı xüsusən ixracla məşğul olan müştərilərimiz arasında bu sahədə təlim və maarifləndirmə işlərinin aparılması baxımından faydalı olacaq. Bu əməkdaşlıq bizə Azexport.az portalının imkanlarından istifadə edənlər üçün bir sıra innovativ bank məhsul və xidmətlərinin yaradılmasına imkan verəcək. Mərkəzlə birgə marketinq tədqiqatlarının aparılmasına, faydalı məlumat mübadiləsinə şərait yaradacaq. Eyni zamanda, fərdi sahibkarlar arasında nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə birgə layihələrin icrasına da kömək göstərəcək”, - deyə A. İbrahimov qeyd edib.

Daha sonra Azexport.az portalının rəhbəri Zaur Qardaşov “Kickstarter: Azərbaycan startaplarının dünya maliyyə bazarlarına çıxışı üçün yeni imkanları” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, Azexport-un “Alibaba” və digər beynəlxalq portallarla qurduğu iş modelinin uğurunu nəzərə alaraq, həmin modeldən digər istiqamətlərdə, o cümlədən startap layihələrinin beynəlxalq bazarlara çıxarılması üçün istifadə etmək qərarına gəliblər.

“Ancaq beynəlxalq səviyyədə qəbul edilən və tanınan layihələr inkişaf edib, uğur qazana bilər. “Kickstarter” hesabımızı təmənnasız bölüşməyə hazırıq. Bununla bağlı müsabiqə elan ediləcək. Müsabiqənin qaliblərinə layihəsini “Kickstarter”ə uyğun hazırlamaq üçün qrantlar təqdim ediləcək və nəhayət, “Kickstarter”də hədəf məbləğin 50%-ni toplayan startapçıya investisiyanın digər 50%-i miqdarında dəstək göstəriləcək. Bununla da startapçıların məqsədə gedən yolu sadələşəcək", - deyə Z. Qardaşov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR