Bakıxanovda Sülh küçəsinin təmir işləri tamamlanıb - FOTO

Bakıxanovda Sülh küçəsinin təmir işləri tamamlanıb - FOTO
# 19 aprel 2022 10:53 (UTC +04:00)

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, aparılan təmir işləri çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.

Məlumata görə, küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.

Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR