Baş nazir: Geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna tələbat artıb

Baş nazir: Geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna tələbat artıb
# 17 mart 2023 11:35 (UTC +04:00)

“Dünyada, o cümlədən regionda cərəyan edən əsas geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna da tələbat artıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərin kəsişməsində yerləşən ölkəmiz regionun mühüm nəqliyyat və logistika habı kimi tanınır: “Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb. Eyni zamanda, beynəlxalq yükdaşımalarda Orta dəhlizinin rolunun gündən-günə artdığını nəzərə alaraq, Azərbaycan bu dəhlizin də təşviq edilməsinə öz töhfəsini verir. Tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam edib. Belə ki, 2022-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15% artaraq 6,4 mln. ton təşkil edib ki, onun da 89%-i tranzit yüklərin payına düşüb.

Tranzit imkanlarının daha da artırılması məqsədilə cənab Prezident Bakı Limanının yükaşırma qabiliyyətinin genişləndirilməsi üzrə 2-ci fazanın tikintisinə başlanması ilə bağlı göstəriş verib və bu istiqamətdə əsaslı işlərə artıq başlanılıb.

Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və öz mövqeyini daha da gücləndirir.

Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib.

Ümumilikdə, 2022-ci il ərzində ölkə üzrə 803 km, o cümlədən regionlarda 623 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, regionlarda 301 km dəmir yolu xətti yenidən qurulub, 113 dəmir yolu tuneli və ya körpüsü tikilmiş və ya əsaslı təmir olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR