BNA: Daşıyıcı şirkətlər tərəfindən sui-istifadə halları var

BNA: Daşıyıcı şirkətlər tərəfindən sui-istifadə halları var
# 06 dekabr 2022 14:01 (UTC +04:00)

Müəyyən daşıyıcı şirkətlər tərəfindən avtobusların sayının azaldılması ilə bağlı sui-istifadə halları var.

"APA-Economics" xəbər verir ki, bu barədə xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib: "Biz məlumat verəndə ki, avtobusların hərəkət intervalında gecikmə var və ümumiyyətlə bu mövzuda danışanda əsas səbəb kimi tıxacı göstəririk. Təbii ki, burada müəyyən daşıyıcı şirkətlər tərəfindən avtobusların sayının azaldılması, avtobusların xəttə çıxarılmasında sui-istifadə halları da var, biz bunu istisna etmirik”

Onun sözlərinə görə, bu kimi sui-istifadə halları olmamalıdır, çünki hər bir marşrut xətti üzrə sərnişin axınına uyğun müəyyən olunmuş avtobus sayı var və hər bir daşıyıcının borcudur ki, həmin sayda avtobusun gündəlik xəttə çıxışını təmin etsin.

BNA-nın Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadənin sözlərinə görə, xüsusi avtobus zolaqlarının yaranmasının nəqliyyat, iqtisadi və ekoloji təsirləri var.

Nəqliyyat təsirləri sırasında Vüqar Məmmədzadə, yollarda hərəkət sürətinin artması, ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, qeyri-qanuni parklanma faktlarının və qanunsuz sərnişindaşıma hallarının azalması kimi müsbət nəticələri qeyd edib.

Onun sözlərinə görə, hazırda Bakıda 28-ə yaxın sərnişin daşıyıcısı fəaliyyət göstərir: “Yanacağın, xaricdən alınan ehtiyat hissələrinin qiymətinin artması bu gün sahibkarlıq fəaliyyətinə çox ciddi təsirini göstərir”.

Vüqar Məmmədzadə vurğulayıb ki, avtobusların tıxacda qalması əlavə yanacaq sərfiyyatına səbəb olur, daşıyıcıların gəlirlərinə və ümumiyyətlə avtobus parkının fəaliyyətinə təsir göstərir, nəticədə avtobusların sayının xətdə azalması faktları müşahidə olunur.

Şöbə müdirinin sözlərinə görə, xüsusi avtobus xətlərinin yaradılması qeyd olunan istisadi nəticələrin aradan qaldırılmasına səbəb olacaq, həm də müsbət ekoloji təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR