"Boeing 737 MAX" proqramının rəhbəri istefa verib

"Boeing 737 MAX" proqramının rəhbəri istefa verib
# 12 iyul 2019 10:25 (UTC +04:00)

"Boeing 737 MAX" proqramının rəhbəri Erik Lidbland istefa verib, onun yerini Mark Cenks tutacaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Boeing" korporasiyasının "Kommersiya təyyarələri" bölümünün prezidenti Kevin Makkalister bildirib.

Erik Lidbland son bir il ərzində bu vəzifədə çalışıb, onun korporasiyadakı ümumi iş təcrübəsi isə 34 il təşkil edir.

Qeyd edək ki, "Boeing 737 MAX" təyyarələrinin ABŞ və digər ölkələrdə uçuşu ötən ilin noyabr ayında və bu ilin mart ayında sözügedən avialayner modellərinin qəzaya uğramasından sonra qadağan edilib. Bu hadisələrdən sonra 20-yə yaxın ölkə hava məkanlarını bu tipli təyyarələrin uçuşu üçün bağlayıb, bir çox aviaşirkət isə "Boeing 737 МАХ 8"in istifadəsindən imtina edib. Hadisələrin səbəblərini araşdırarkən, təyyarənin manevretmənin korrektə sistemində (MCAS) boşluqlar aşkar edilib. Hazırda "Boeing" korporasiyası bu boşluqların aradan qaldırılması istiqamətində işlər görür.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" (AZAL) "Boeing" korporasiyasından 10 "Boeing 737 MAX 8" tipli təyyarə sifariş etmişdi. Daha sonra aviaşirkət sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini bildirmişdi. "737 MAX 8" təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğu kimi, proses dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR