BTQ üzrə daşımaların sürətinin artırılması üçün Türkiyədə ilk qoşa koleyalı dəmir yolu xətti tikilir

BTQ üzrə daşımaların sürətinin artırılması üçün Türkiyədə ilk qoşa koleyalı dəmir yolu xətti tikilir
# 31 oktyabr 2019 16:28 (UTC +04:00)

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsi ilə Rusiya, Azərbaycan və Qazaxıstan kimi ölkələrdən gələn yüklərin Türkiyə üzərindən fasiləsiz şəkildə Avropaya çatdırılması üçün Qars Logistika Mərkəzində Türkiyənin ilk qoşa koleyalı dəmir yolu xəttinin inşasına başlanılıb”.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin sabiq Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri, AKP-nin Qars millət vəkili Ahmet Arslan “Anadolu Agentliyi”nə müsahibəsində deyib.

O bildirib ki, bu xətt vasitəsi ilə yüklər təkər cütlərinin eninə bazasının 1 520 millimetr olduğu xətlərlə Qazaxıstana və Çinə çatdırılacaq, Qarsdan London istiqamətində yüklərin daşınması isə 1 435 millimetr enlikli xətlərlə həyata keçiriləcək.

Sabiq nazirin sözlərinə görə, bu, BTQ-yə böyük imkanlar qazandıracaq, dəmir yolu yüklərinin sürətli və fasiləsiz şəkildə daşınmasını təmin edəcək.

"Ölkəmizin daxil olduğu standarta görə reyslər arasındakı məsafə 1 435 millimetrdir. Bizim standartımız fərqlidir. Bizim və Avropa İttifaqının xətlərində hərəkət edən qatarlar post-sovet ölkələrindəki reyslərin koleyası ilə üst-üstə düşmür. Bu səbəbdən BTQ xətti hazırlandıqdan sonra Axalkalakidə təkərlərin dəyişdirilməsi üçün stansiya yaradıldı ki, u da Avropadan gələn qatarların fərqli enlikli təkərlərlə post-sovet ölkələrinə hərəkətini təmin etdi. Lakin lap əvvəldən biz Qarsda da qatardan qatara yüklərin dəyişdirilməsi stansiyasının tikilməsini qərarlaşdırmışdıq. Bu məqsədlə Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları İdarəsi işlərini davam etdirir və Azərbaycan, Gürcüstan, Qazaxıstan və Rusiya ilə görüşür. Qars Logistika Mərkəzi həm 1 435 millimetr, həm də 1 520 millimetr koleyalı xətlə təşkil ediləcək. Beləliklə, hər iki tərəfin qatarları Qarsa qədər yüklərin çatdırılmasını həyata keçirə biləcək. Bu sistemin köməyi ilə Asiya, Uzaq Şərq, Rusiya, post-sovet ölkələrindən gələn yüklərin Qarsda sadəcə qatarı dəyişdirilərək Avropanın istənilən yerinə çatdırılması həyata keçiriləcək”, - deyə Ahmet Arslan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR