Bu il Azərbaycanda 1,1 min km-dən artıq avtomobil yolları çəkiləcək

Bu il Azərbaycanda 1,1 min km-dən artıq avtomobil yolları çəkiləcək
  • Clock-gray 17:58
  • calendar-gray 17 Oktyabr 2019

Bu ilin sonunadək Azərbaycanda 1 122 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara hazır olacaq.  

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, cari ilin doqquz ayı ərzində ölkədə artıq 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır.

“İlin sonuna qədər 1 122 kilometr olacaq. Çünki Sizin bölgələrə səfərləriniz zamanı orada əhalinin xahişini nəzərə alaraq, əlavə yolların tikintisinə sərəncamlar vermisiz. Biz artıq bu ilin sonunadək həmin yolların da tikintisini başa çatdıracağıq”, - deyə S. Məmmədov qeyd edib.

O əlavə edib ki, bu yollardan biri Qaxda səfərdə olduğunuz zaman verdiyiniz tapşırığa əsasən M-5 magistral yolundan İlisu kəndinə qədər uzunluğu 33,5 kilometr olan avtomobil yolunun tikintisi artıq başa çatıb, yüksək keyfiyyətlə təhvil veriləcək.

Bundan başqa, Xınalığa çəkilən 31 kilometrlik yeni yolun artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Bundan əlavə, Xınalığa gedən yolun başlanğıcı olan, Quba-Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik Alpan-Susay yolu istismara tam hazırdır. O yol üzərində iki körpü tikilib və tam hazır vəziyyətdədir.

Qonaqkəndə tikilən yolun ikiqat asfalt-beton örtüklü 40 kilometrlik hissəsi tam hazırdır. O yolun üzərində artıq 7 körpü tikilmişdir. Sonuncu körpü Vəlvələçay çayının üzərində salınıb. İllər boyu orada körpü olmayıb.

“Çay daşanda insanlar günlərlə, həftələrlə gözləməli olurdular. Bu gün 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı körpü tikilib, istismara tam hazır vəziyyətdədir. Sizin tapşırığınıza əsasən növbəti ilin investisiya proqramında vəsait nəzərdə tutulub. Bu vəsait hesabına yola aşınma qatı da vurulacaq və həmin 50,3 kilometrlik yol istismara tam hazır olacaq”, - deyə S. Məmmədov bildirib.

AAYDA-nın rəhbəri onu da əlavə etdi ki, bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib. Bundan əlavə, ilin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq. Yəni, qəsəbədaxili müasir yolların uzunluğunu bu il təqribən 300 kilometrə çatdırılacaq.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date