Cavid Osmanov: “Həyata keçirilən layihələr Şərqi Zəngəzurun turizm potensialını üzə çıxaracaq”

Cavid Osmanov, Milli Məclisin deputatı

© APA | Cavid Osmanov, Milli Məclisin deputatı

# 27 iyun 2022 20:42 (UTC +04:00)

“Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı əsasını qoyduğu layihələr və həyata keçirilən layihələrlə bağlı verdiyi tapşırıqlar Şərqi Zəngəzurun cənnətə çevriləcəyini bir daha təsdiqləyir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov bildirib.

Cavid Osmanov deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsində Azərbaycanın güclü liderə, güclü iqtisadiyyata, müasir və güclü orduya malik olması yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsi və sərhədlərimizin etibarlı qorunmasında, ölkəmizin maraq və mənafelərinin müdafiəsində mühüm rol oynayır: “Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Ordu Gününü Kəlbəcərdə qeyd etməklə biz hamımız qürur hissi keçiririk. Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilib. İndiyə isə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açılması göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Yeni hərbi hissənin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirəcək. Ali Baş Komandanın da vurğuladığı kimi, Vətən müharibəsindən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Növbəti komando hərbi hissələrinin açılması da nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq”.

Deputat iyunun 26-da Prezident İlham Əliyevə Kəlbəcər şəhərinin Baş planı təqdim edildiyini də xatırladıb: “Zəngilan kimi Kəlbəcər şəhəri də park-şəhər olacaq. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək. Dövlət başçısı Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilməsi barədə də tapşırıq verib. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya, o cümlədənkəndlərin yenidən qurulması konsepsiyası da hazırdır. Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun təməli qoyulub. “İstisu” sanatoriyasının bərpası regionda müalicəvi turizm infrastrukturunun ən müasir tələblərə uyğun yenidən qurulması deməkdir. “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir. İstifadəyə veriləcək “İstisu” mineral su zavodunda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir. Kəlbəcərin baş planı hazır olması və Kəlbəcərdə infrastrukturun sürətlə qurulması Böyük Qayıdışın bir hissəsi olaraq Kəlbəcər əhalisini doğma vətənə köçməyə addım-addım yaxınlaşdırır”.

Cavid Osmanov azad edilmiş ərazilərdə tikilən su anbarlarının kənd təsərrüfatının, elektrik yarımstansiyaların bölgənin inkişafında oynayacağı rola da diqqət çəkib: “Prezident İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində “Həkəriçay” su anbarı layihəsi ilə tanış olub. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq. Laçına səfər çərçivəsində dövlət başçısı 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə də tanış olub. Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən “Kəlbəcər” yarımstansiyasından Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürücü xətt çəkilir. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və yolsuzluq şəraitində çəkilən ötürücü xətt üzrə hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılır. Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir. yarımstansiyanın yaxınlığında hava limanı tikilir və Qorçu kəndi mərkəz olmaqla, burada 7 kəndi birləşdirən yaşayış massivinin inşası planlaşdırılır. Yeni yarımstansiya Laçın hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək. Perspektivdə Laçın dəhlizində 110 kV-luq “Laçın Şəhər” və “Zabux” yarımstansiyalarını tikməklə, Qorçudan Laçın şəhərinə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkiləcək və Laçın şəhərindən 110 kV-luq yeni xətt çəkilməklə “Şuşa” yarımstansiyası ilə əlaqələndiriləcək. Ən əsası odur ki, Laçın şəhərindən Güləbird istiqamətində “Qubadlı” yarımstansiyasına ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilməklə enerjisistem üçün mühüm əhəmiyyəti olan və regionun enerji dayanıqlılığını təmin edən dairəvi elektrik təchizat sxemi yaradılacaq”.

Deputat Laçında Beynəlxalq Hava Limanının tikintisinin bölgəyə beynəlxalq marağın artırılmasına, habelə sərnişin və yükdaşımaların asanlaşdırılmasına səbəb olacağını vurğulayıb: “Şuşaya 70 km məsafədə yerləşən Laçın Beynəlxalq Hava Limanı çətin relyefə malik dağlıq ərazidə unikal layihə kimi tarixə düşəcək. Həyata keçirilən bu layihələr həm də Qarabağ və Şərqi Zəngəzurun geniş turizm potensialını tam mənada üzə çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR