Cavid Qurbanov BTQ ilə sərnişin daşımalarının gecikməsinin səbəbini açıqlayıb

Cavid Qurbanov BTQ ilə sərnişin daşımalarının gecikməsinin səbəbini açıqlayıb
# 22 oktyabr 2019 17:23 (UTC +04:00)

Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişindaşımalara başlamaq üçün tam hazırdır.

Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumunda iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov APA-nın yerli bürosuna müsahibəsində belə deyib.

O bildirib ki, xətt üzrə sərnişin daşımalarının gecikməsinin səbəbi Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlərin olmamasıdır.

“Bizim qatarlarımız və vaqonlarımız hazırdır. Biz sərnişin daşımalarına başlaya bilərik. Məsələ bundadır ki, bu yolda hərəkət etmək üçün Gürcüstan tərəfinin dağ yerlərində əks əyləcləmə sistemi olan elektrovozları olmalıdır. Bu, yeni vaqonlara uyğunlaşdırılıb quraşdırılmalıdır. Lakin onlarda bu qurğular yoxdur”, - deyə QSC-ni rəhbəri bildirib.

C. Qurbanov onu da qeyd edib ki, məsələ yaxın vaxtlarda həllini tapmasa, “Azərbaycan Dəmir Yolları” Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək: “Bu məsələ həll edildikdən sonra biz sərnişin qatarlarını xəttə buraxa bilərik. Bir-iki ay gözləyəcəyik və görsək ki, bu məsələ həll olunmur, onda özümüz elektrovozlarımızı və yaxud da dizel lokomotivlərimizi təklif edəcəyik. Çalışacağıq razılaşdıraq ki, sərhəddə qədər deyil, Türkiyə sərhədinədək – Axalkalakiyə qədər özümüz aparaq”.

C. Qurbanov həmçinin qeyd edib ki, BTQ-yə əlavə yüklərin cəlb edilməsi məqsədilə Çin və Rusiya ilə danışıqlar aparılır. O, xətt üzrə daşımaların dinamikasının yaxşı olduğunu da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR