Daha 6 istiqamət üzrə avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha 6 istiqamət üzrə avtobus marşrutları müsabiqəyə çıxarılır
# 02 mart 2023 18:30 (UTC +04:00)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan-Xocəsən metro stansiyası-Ceyranbatan, Masazır-Xocəsən metro stansiyası-Masazır, Bakı-Lənkəran-Bakı, Bakı-Qusar-Bakı, Bakı-Qusar (SDK)-Bakı, Bakı-Xudat-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

"APA-Economics" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri martın 17-si saat 17:00-dək, ixtisas məlumatlarını isə aprelin 7-si saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri komissiya tərəfindən Ceyranbatan-Xocəsən metro stansiyası-Ceyranbatan, Masazır-Xocəsən metro stansiyası-Masazır, Bakı-Lənkəran-Bakı, Bakı-Qusar-Bakı istiqamətlərində 5 Lot üzrə aprelin 14-də, Bakı-Qusar-Bakı istiqamətində hərəsində 5 Lot üzrə aprelin 18-i və 21-də, Bakı-Xudat-Bakı, Bakı-Qusar-Bakı və Bakı-Qusar (SDK)-Bakı istiqamətlərində 5 Lot üzrə aprelin 25-də, Bakı-Xudat-Bakı istiqamətində 5 Lot üzrə aprelin 28-də müsabiqə keçirilən zaman açıqlanacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR