Deputat: “Azərbaycan mühüm nəqliyyat qovşağına çevrilib”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 05 may 2022 13:44 (UTC +04:00)

“Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilib. Keçən il Şərqi Zəngəzur iqtisadi zonasının yaradılmasından sonra həm bu təyinat, həm də Vahid Hacıyevi videoformatda qəbul edən dövlət başçısının çıxışı özündə mühüm mesajları ehtiva edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrpahimqızı bildirib.

Deputat deyib ki, Azərbaycan Prezidenti çıxışında işğal dövründə erməni barbarları tərəfindən Qarabağda, eləcə də Şərqi Zəngəzur bölgəsində törədilmiş dağıntılara, vəhşiliyə və cinayətlərə toxunub, erməni işğalçı ordusunun bəzi hərbi hissələrinin yerləşdiyi bir neçə inzibati binadan başqa Zəngilan rayonunun demək olar ki, yerlə-yeksan edilməsini xatırladıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ordusu isə tək torpaqlarımızı işğaldan azad etməyib, həm də dünya erməniliyi üzərində böyük qələbə çalmaqla, bölgəmizi erməni faşizmindən xilas edib: “Bu gün işğaldan azad edilmiş ərazilərə səfər edən xarici diplomatlar çoxəsirlik Azərbaycan mədəni-tarixi irsinin, o cümlədən flora və faunanın erməni vandalizminə məruz qalmasının şahidi olurlar. Zəngilanda Avropanın ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və bəzi yerlər isə yandırılıb. Belə çirkin əməllər Kəlbəcər və Laçın rayonlarında da törədilib. Bununla bərabər, Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar edib. Bu sırada “Cronimet” kimi xarici şirkətlər də var. Azərbaycan bu cinayət əməllərinin iştirakçılarının beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsinə nail olacaq”.

Məlahət İbrahimqızının sözlərinə görə, qürurverici haldır ki, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır, Heydər Əliyev Fondu da bu işlərdə aktiv iştirak edir. Tam dağıdılmış Zəngilan şəhər məscidi hazırda əsaslı təmir olunur, ilk pilot layihə kimi Zəngilanın Ağalı kəndi yüksək standartlarla yenidən qurulub: "Qurulan bu smart kəndlərdə yaşayacaq keçmiş məcburi köçkün adlandırdığımız vətəndaşlarımızla bağlı əhlükəsizlik, rahatlıq, rifah, məşğulluq kimi bütün amillər nəzərə alınır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə tək şəhərlər, rayon mərkəzləri deyil, kəndlərin də baş planları hazırlanır və baş planlara baxış keçirildikdən sonra onun əsasında bərpa-quruculuq işləri görülür”.

Məlahət İbrahimqızı qeyd edib ki, Prezidentin hər çıxışını həm də sanki, görülən işlər haqqında xalqa hesabatı da adlandırmaq olar. Bu da onun xalqına olan sonsuz məhəbbət və ona etimad göstərmiş xalq qarşısında nadir liderlərə məxsus məsuliyyət və hesabatlılıqdan irəli gəlir: “Videoformatda qəbul zamanı Prezidentin çıxışını həm Qarabağda, həm də Şərqi Zəngəzurda, Zəngilanda görülmüş işlərin hesabatı kimi də qəbul etmək olar. Hər birimiz bu çıxışı dinləyərkən qısa müddət ərzində işğaldan azad olunmuş torpaqlarımızda nə qədər möhtəşəm işlərin görüldüyünün sevincini yaşayırıq. Dövlət başçısı günümüzün reallığı kimi Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun, çoxfunksiyalı Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyini, Zəngilanın gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyini bildirdi. Prezident çıxışında coğrafi vəziyyətin də nəzərə alındığını bildiridi və işğaldan azad edilmiş ərazilərdə Füzuli Beynəlxalq Hava Limanından sonra istifadəyə veriləcək Zəngilan hava limanının ölkəmizin iqtisadi, nəqliyyat və həm də təhlükəsizliyi ilə bağlı məsələlərin həllində önəmini də vurğulayıb”.

Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri sayəsində açıq dənizlərə çıxışı olmayan Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini vurğulayıb: “Prezident videofomatda qəbulda Zəngəzur dəhlizinin də yeni nəqliyyat dəhlizi olacağını bildirdi. Bu nəqliyyat dəhlizi tək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyəcək. Təsadüfi deyil ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən yük göndərmək istədiklərini bildirənlərin çoxsaylı müraciətləri daxil olub. Zəngəzur dəhlizi ölkəmizin qonşu dövlətlərlə əlaqələrində əlavə imkanlar yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR