Dövlət Komitəsi: Yüzlərlə yaşayış məntəqəsinin layihələndirilməsi davam etdirilir

Dövlət Komitəsi: Yüzlərlə yaşayış məntəqəsinin layihələndirilməsi davam etdirilir
# 05 oktyabr 2022 13:36 (UTC +04:00)

“Dövrümüzün acı reallığı ondan ibarətdir ki, dünyanın bir çox ölkələri hərbi münaqişələr nəticəsində yaşayış məntəqələrinin post-konflikt reabilitasiyası çağırışı ilə üz-üzədir”.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan ərazisinin 20%-nin 30 illik dövr ərzində işğala məruz qalması nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi tamamilə dağıdılıb, 1 milyon hektardan çox torpaq kənd təsərrüfatı dövriyyəsindən çıxarılıb, yüzlərlə mədəni irs obyekti məhv edilib:

“Ölkəmizin ərazi bütövlüyünü yalnız 2020-ci ildə hərbi yolla bərpa etmək mümkün oldu. İndi qarşımızda duran əsas məsələ işğaldan azad olunmuş ərazilərin tezliklə bərpası və ölkə həyatına tam inteqrasiyası, doğma torpaqlarından didərgin düşmüş 1 milyon soydaşımızın geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılmasıdır.

Qısa müddət ərzində Komitə tərəfindən işğaldan azad olunmuş bütün regionun Ümumi Planının hazırlanması təmin edilib. Ağdam və bir çox digər şəhər və kəndlərin baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqəsinin layihələndirilməsi hazırda davam etdirilir. Baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və s. bu kimi məsələlər prioritet götürülüb”.

Anar Quliyev qeyd edib ki, ərazi planlaşdırma sənədlərinin işlənməsi zamanı mədəni və tarixi irs obyektlərinin bərpası, qorunması və ictimai-mədəni mühit üçün zəruri infrastrukturun yaradılması da diqqətdə saxlanılır, mövcud abidələr və onların cari vəziyyətinə dair məlumatlar nəzərə alınır:

“Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının tikintisi İşğaldan Azad Olunmuş Regionun artıq təsdiq olunmuş Ümumi Planına uyğun olaraq həyata keçirilir. Bununla yanaşı, tərəfimizdən mütəmadi olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin müasir dövrün çağırışlarına, iqlim şəraitinə və təbii proseslərə uyğunlaşdırılaraq yenilənməsi prosesi də aparılır. Onu da vurğulamalıyam ki, hər bir yeni kompleks layihələndirmə zamanı müvafiq məkanda əsrlərlə formalaşmış memarlıq ənənələrinin də qorunmasına xüsusi önəm verilir, əməkdaşlıq etdiyimiz memarlar məhz yerli ənənələrdən, zəngin tarixi-memarlıq irsindən ilhamlanaraq yeni müasir layihələr ərsəyə gətirirlər. Məlum olduğu kimi, tikinti, şəhərsalma və memarlıq dinamik bir sahədir və hər zaman yeniliklərin öyrənilməsini, müasir çağırışlarla uzlaşmağı tələb edir. Odur ki, bu sahədə mərkəzi icra hakimiyyəti orqanı olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə qabaqcıl təcrübəsi olan xarici dövlətlərlə, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR