Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb
# 23 noyabr 2022 11:12 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Hökumət buludu”na miqrasiya çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a service) bulud xidməti əldə edib.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib. Məlumata görə, Komitə İT resurslarını “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi daha öncə “AzInTelecom” MMC-nin Bakı Data Mərkəzindən əldə etdiyi IaaS (İnfrastructure – as a service) bulud infrastrukturu xidmətinin həcmini genişləndirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət orqanlarının informasiya sistemlərinin “AzInTelecom” MMC-yə məxsus Data mərkəzlərinə miqrasiyası həyata keçirilir.

Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir. Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR