Dövlət Komitəsinin sədri: “Şuşanın bərpasına xüsusi yanaşma tətbiq olunur”

# 25 may 2022 15:18 (UTC +04:00)

“Şuşa şəhərinin bərpasına və yenidən qurulmasına xüsusi yanaşma tətbiq olunur”

Bunu APA-ya açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Anar Quliyev deyib ki, bütün işğaldan azad olunmuş ərazilər üçün hazırlanan ümumi bir plan var: “Amma bununla paralel hər şəhərin, hər yaşayış məntəqəsinin öz baş planları da hazırlanır. Bu sənədlər ərazidən səmərəli istifadədən tutmuş, ərazilərin təyinatları, mərtəbəlik məhdudiyyətləri və bir çox nüansları özündə əks etdirir. Məsələn, Şuşa qoruq şəhərdir, burada digər şəhərlərdən fərqli olaraq, xüsusi yanaşma tətbiq olunur. Qoruq olduğu üçün bizim birinci məqsədimiz orada əsrlərlə formalaşmış şəhərsalma mühitini qorumaqdır. Hər bir yeni layihə oradakı mühitə uyğunlaşdırılacaq. Amma digər şəhərlərdə daha çox ərazilər yenidən layihələndiriləcək, yenidən tikiləcək”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, azad olunmuş ərazilərdə şəhərlərin əksəriyyəti tamamilə məhv edilib, bütün binalar dağıdılıb: “Şəhərdən şəhərə fərqli olaraq, məhəlləsindən də asılı olaraq, nisbətən hündür, nisbətən kiçik binalar, o cümlədən fərdi evlər də olmaqla, layihələndirmə işləri aparılacaq. Bu proses davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR