Dövlət Xidməti informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Dövlət Xidməti informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb
# 07 dekabr 2022 11:13 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Hökumət buludu”na miqrasiya çərçivəsində xidmətlərin əlçatanlığının və dayanıqlılığının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure – as a Service) bulud infrastrukturu xidmətini əldə edib.

"APA-Economics" xəbər verir ki, qurum informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Dövlət Xidmətinin növbəti mərhələdə “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzində təqdim edilən Rezervlənmə (BaaS – Backup as a service) bulud xidmətindən yararlanması ilə bağlı ilkin razılıq əldə edilib.

Razılığa əsasən, qurumun rezervlənmə xidmətini çevik və sadə formada idarə etməsi üçün “Veeam” platforması ilə təmin edilməsi də nəzərdə tutulur.

Bu platforma İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR