Dünya Bankı Azərbaycan və Gürcüstan üzrə strategiya hazırlayıb

Dünya Bankı Azərbaycan və Gürcüstan üzrə strategiya hazırlayıb
# 21 aprel 2022 11:55 (UTC +04:00)

Dünya Bankı Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın prioritet sahələrini əks etdirən strategiya və fəaliyyət planı hazırlayıb. “APA-Economics” xəbər verir ki, bu barədə “Railfreight” portalının dərc etdiyi məqalədə deyilir.
Bildirilir ki, iki ölkə konkret fəaliyyətləri əlaqələndirə bilsə, Transqafqaz Nəqliyyat Dəhlizi (TND) yüksək səmərəliliyə nail ola bilər. Xüsusilə, söhbət gömrük proseslərindən, girişin şəffaflığından və ədalətli rəqabətdən, həmçinin birgə müəssisənin işə salınması və düzgün qurulmasından, blok qatarların təşkilindən və intermodal infrastrukturun optimallaşdırılmasından gedir.
TND Orta Dəhlizin qərb hissəsidir (Azərbaycan, Gürcüstan və Qara dənizdən keçir) və Bakı limanı ilə Qara dəniz Gürcüstanın Poti və Batumi limanları arasında yerləşir. Qeyd olunur ki, Türkiyə də ona qismən qoşula bilər.
Dünya Bankı marşrutun geniş tədqiqini aparıb və belə nəticəyə gəlib ki, TND Orta Dəhlizin səmərəli və dinamik inkişafında mühüm, hətta ən həlledici rol oynaya bilər. Qeyd edilir ki, “müəyyən investisiyalara baxmayaraq, Transqafqaz Nəqliyyat Dəhlizi qismən Azərbaycan və Gürcüstanda dəhliz boyunca fiziki və qeyri-fiziki maneələrə görə Çin, Mərkəzi Asiya və Avropa arasında konteynerli yük daşımalarını asanlaşdırmaq potensialını reallaşdırmır”. Araşdırma nəticəsində maliyyə qurumu bir neçə təklif hazırlayıb.
Araşdırmada bildirilir ki, “bir pəncərə” həlli Gürcüstan və Azərbaycanın TND marşrutu üzrə gömrük proseslərində tətbiq edə biləcəyi ideal model olacaq. Əlavə təkmilləşdirmələr isə iki ölkəyə ümumi marşrutun inkişafına kömək edə bilər. Qısamüddətli perspektivdə Dünya Bankı diqqəti məlumat axını da daxil olmaqla gömrük prosedurlarının təkmilləşdirilməsi və “bir pəncərə” prinsipinə uyğun həllinə yönəlməyi tövsiyə edir. Bundan əlavə, ölkələr gömrük işçilərinin hazırlanmasına sərmayə qoymalı və onların digər ölkələrlə koordinasiyada işləməsinə şərait yaratmalıdırlar.
Uzunmüddətli perspektivdə Azərbaycan və Gürcüstan sərhəddə ləngimələrin qarşısını almaq üçün sadələşdirilmiş prosedurlara və səmərəli iş vaxtına malik vahid gömrük zonasının inkişafına diqqət yetirməlidir. Bundan əlavə, iki ölkəyə gömrük postlarının artıq istifadə olunmayacağı, qatarların sərbəst və dayanacaqsız keçə biləcəyi “yaşıl dəhliz” yaratmaq tövsiyə edilir.
Tədqiqatda həmçinin iddia olunur ki, TND-nin çatışmazlıqlarından biri bəzi prosedurlarda kifayət qədər şəffaflığın olmamasıdır. Orta dəhlizin qalan hissəsi üçün də şəffaflıq çox vacibdir. Təkcə tariflər baxımından deyil, həm də imkanların bölüşdürülməsi və kimin kimə üstünlüyü baxımından. Tədqiqatçıların fikrincə, bu halda açıq giriş modeli ideal olardı.
Dünya Bankında hesab edirlər ki, yuxarıda göstərilən məsələləri həll etmək üçün ən yaxşı addım tərəflər və kommersiya, əməliyyat və maliyyə məqsədləri üçün dəhlizə vahid pəncərədən girişi asanlaşdıracaq Dəhliz İdarəetmə İnformasiya Sistemi arasında yaxşı strukturlaşdırılmış birgə müəssisənin yaradılması olardı.
Bununla belə Dünya Bankının fikrincə, Azərbaycan və Gürcüstanın TND-nin inkişafı üçün prioritetlərindən biri, “proqnozlaşdırıla bilən ötürmə qabiliyyəti ilə fasiləsiz konteyner daşınmasına imkan verəcək blok konteyner qatarlarının hərəkət cədvəlinin” yaradılmasıdır.
Bu məqsədlə ölkələrə blok qatarların vaxtında çatdırılmasına cavabdeh olan taktiki işçi qrup yaratmaq tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR