Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Yol Xəritəsi təsdiq edilib

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Yol Xəritəsi təsdiq edilib
# 07 yanvar 2022 15:41 (UTC +04:00)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ni təsdiq edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Yol xəritəsi ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması və təşviqi üzrə 4 tematik sahədə - "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillərin və qiymətləndirmələrin aparılması", "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması", "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunması" və "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə zəruri infrastrukturun yaradılması" məqsədilə, ümumilikdə 25 tədbirin icrasını nəzərdə tutur.

Adıçəkilən Yol Xəritəsi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən 5-ci Milli Prioritetə (təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi) uyğun olaraq, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" işçi qrupunun tərkibində xüsusi olaraq yaradılmış altqrupun üzvlərinin məhsuldar və geniş müzakirələri, ətraflı təhlilləri nəticəsində özəl sektorun nümayəndələrinin yaxından iştirakı ilə hazırlanıb. Ekoloji təmiz nəqliyyat vasitələrindən geniş istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, Komissiyanın "Sərhəddə ticarət" işçi qrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR