Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb
# 07 oktyabr 2022 17:17 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və hüquq istiqamətləri üzrə ali məktəblərin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün təşkil etdiyi təcrübə proqramı uğurla yekunlaşıb.

"APA-Economics" xəbər verir ki, bununla əlaqədar layihənin bağlanış və sertifikatların təqdimat mərasimi keçirilib.

Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev tədbirdə kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verib. Xidmət rəisi vurğulayıb ki, ölkəmizdə son illərdə kibertəhlükəsizlik sahəsinə marağın artması, istər özəl, istərsə də dövlət qurumlarının bu istiqamətdə gənclər üçün müxtəlif imkanlar yaratması kadr potensialının artırılması prosesinə töhfə verəcək.

Sonda Şahin Əliyev gəncləri təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzulayıb. Təcrübə proqramını uğurla başa vuran 11 nəfərə sertifikat təqdim olunub.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidmətinin təşkil etdiyi təcrübə proqramında nəzəri və praktiki istiqamətdə keçirilmiş təlimlər çərçivəsində iştirakçılar kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində yeni biliklər əldə etməklə yanaşı, real iş mühitində gündəlik tapşırıqları icra etməklə təcrübə qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR