Elmir Vəlizadə: "Rusiyadan BTQ vasitəsi ilə yüklərin Avropaya çatdırılması üzrə işlər aparılır"

Elmir Vəlizadə: "Rusiyadan BTQ vasitəsi ilə yüklərin Avropaya çatdırılması üzrə işlər aparılır"
# 22 oktyabr 2019 17:53 (UTC +04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə müxtəlif istiqamətlər üzrə yüklərin daşınması potensialı layihəyə olan marağı artırır.

Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumunda çıxış edən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə APA-nın yerli bürosuna müsahibəsində belə deyib.

O bildirib ki, artıq xətdən aktiv şəkildə istifadə edilir və yaxın vaxtlarda onun potensialından maksimum istifadə edilməsi məqsədi ilə müxtəlif layihələr həyata keçiriləcək.

“Bakı-Tbilisi-Qars xətti artıq tam fəaliyyətdədir. Artıq ilk yük qatarları yola salınıb. Gələn il üçün sərnişin daşınmalarının başlanması gözlənilir və buna hazırlıq gedir. Ümumilikdə, bu marşruta diqqət çox böyükdür. Çünki BTQ təkcə qeyd etdiyimiz kimi şərqlə qərb arasında deyil, eyni zamanda cənubdan da – Lapis-Lazuli layihəsi üzrə Əfqanıstan və Pakistan tərəfdən də yüklərin Avropaya çatdırılmasına yönələn bir layihədir. Eyni zamanda Cənub-Qərb deyilən bir layihə də mövcuddur ki, ondan Hindistandan olan yüklərin Avropaya çatdırılması üçün istifadə oluna bilər. Bundan başqa, Rusiyadan da BTQ vasitəsi ilə yüklərin Avropaya çıxarılması üzrə işlər aparılır. Bütün bu məqamlar onu göstərir ki, bu beynəlxalq marşrut dünya aləminin diqqətindədir və onun potensialından geniş şəkildə istifadə edilməsi üzərində işlər gedir”.

E. Vəlizadə onu da bildirib ki, multimodal yük daşımalarının effektivliyinin artırılması baxımından Azərbaycan, Türkmənistan, Qazaxıstan və Gürcüstan limanları arasında əlaqələrin böyük önəm daşıyır.

“Portlar arasında əlaqələrin yaradılması mühüm əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, şərqlə qərb arasında ölkəmizin də qoşulduğu multimodal daşımalar həyata keçirilir. Dəniz limanlarının istifadəsi və dəmir yolunun cəlb edilməsi ilə yüklər daşınır. Buna görə də limanlar arasında əlaqələrin yaradılması çox vacibdir. Hazırda həm Türkmənbaşı, həm də Qazaxıstanın iki limanı ilə yüklər daşındıqdan sonra Gürcüstanın limanlarından yüklərin Avropaya çatdırılması istiqamətində işlər gedir. Yəni əməkdaşlıq mövcuddur. Güman edirik ki, portlar da bu marşrutun genişlənməsi üçün öz töhfəsini verəcək”, - deyə nazir müavini bildirib.

E. Vəlizadə həmçinin əlavə edib ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xətti də tamamlandıqdan sonra Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi daha da funksional olacaq: “Qəzvin-Rəşt-Astara xəttinin çatışmayan – Rəşt-Astara hissəsinin tikilməsini səbirsizliklə gözləyirik. Ona görə ki, bu xəttin həmin hissəsi tikildikdən sonra Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi tam şəkildə funksional olacaq və yüklərin birbaşa daşınmasına xidmət edə biləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR