Kadastr məlumatlarının Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına başlanılıb

Kadastr məlumatlarının Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına başlanılıb
# 12 iyul 2019 12:11 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin kadastr məlumatlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına start verilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu proses ötən il iki qurum arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.

Qeyd edək ki, hazırda Azərbaycanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir dünya təcrübələrinə əsaslanan elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri formalaşdırılır. Kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.

Bakı şəhəri də Azərbaycanda mükəmməl elektron kadastr məlumat bazasına, rəqəmsal kadastr xəritələrinə sahib olan ilk şəhərlərdəndir. Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, qaz, işıq, su ilə təminat vəziyyəti, tikintialtı sahəsi, perimetri, koordinatları, tikinti materialları barədə müfəssəl məlumatlar toplanıb. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən yerüstü mühəndis-kommunikasiya xətləri, təhsil, səhiyyə, məişət obyektləri barədə müfəssəl məlumatlar öz əksini tapır. Həmçinin mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatlar, təyinatlar yerləşib. Kadastr məlumat bazasında sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin lazımlılıq dərəcəsinin müəyyənləşdirilməsinə dəstək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR