Ərazilərin effektiv idarə olunmasında geoməkan məlumatlarının rolu

Ərazilərin effektiv idarə olunmasında geoməkan məlumatlarının rolu
# 10 may 2022 17:48 (UTC +04:00)

Məsafədən zondlama, fiziki təmas olmadan obyekt geoməkan məlumatlarının əldə edilməsi üsullarından biridir. Bu gün geoməkan məlumatlarının köməyi ilə istənilən obyektin, binanın və yaxud bütöv şəhərin yüksək dəqiqliklə üçölçülü (3D) modellərini yaratmaq mümkündür.

Şəhər ərazilərindəki binaların əksər 3D modelləri LiDAR (Light Detection and Ranging) üsulu ilə hazırlanır.
“Rəqəmsal əkizlər” (“digital twinning” - biznesin optimallaşdırılmasına kömək edən fiziki obyektin rəqəmsal surəti - red.) adlanan vasitələrdən istifadə etməklə şəhərlərin və ya infrastrukturun 3D xəritələri şəhərsalmaçılar və yerli hökumətlər üçün unikal imkanlar yaradır. Hökumətlər, infrastruktur təminatçıları, nəqliyyat operatorları və tikinti şirkətləri üçün 3D şəhər modeli müxtəlif ssenarilərin modelləşdirilməsi, təhlili və vizuallaşdırılması üçün faydalı vasitədir.
Məsələn, daşqınlar, yanğınlar, zəlzələlər kimi fövqəladə vəziyyətlərdə konkret şəhərin və ya hər hansı digər yaşayış məntəqəsinin və onun spesifik ərazisinin 3D modeli xilasetmə qüvvələrinin daha səmərəli fəaliyyət göstərməsinə imkan verir ki, bu da daha çox insan həyatının xilas edilməsinə səbəb olur.
Robot texnikası, pilotsuz uçuş aparatları da daxil olmaqla texnologiyanın inkişafı geoməkan məlumatlarını əldə etməyə bir çox yollar yaradır. Uzaqdan zondlama yolu ilə geoməkan məlumatları əldə etmək üçün təyyarələrə, helikopterlərə və dronlara ötürücülər quraşdırılır ki, onların köməyi ilə Yer səthindən məlumatlar toplanır.
Bu sahədə dünyanın aparıcı şirkətlərindən biri olan İsveçrənin “Leica Geosystems” təyyarələrə quraşdırılan ötürücülərdən 2D və 3D məlumat toplayır. Bunlar fotoqrammetriya və LiDAR texnologiyalarıdır. Bundan əlavə, şirkət Leica Pegasus: Backpack portativ mobil xəritəçəkmə qurğusunu da tətbiq edir. Bu cihaz açıq havada və ya binaların içərisində mobil xəritəçəkmə üçün 3D və 2D məkanı tutmağa imkan verir. İstifadəçi cihazı çiynində daşıyır və küçə ilə və ya istənilən qapalı məkanda hərəkət edərək ətrafın tam təsvirlərini real vaxt rejimində planşetində qəbul edir.

Bildiyiniz kimi, Yerin səthindəki obyektlərin təsviri peyklərdən istifadə etməklə əldə edilir. Bununla belə, havadan zondlama ilə peyk zondlamanın arasındakı fərq ondan ibarətdir ki, müxtəlif tipli təyyarələrdən alınan görüntülər daha dəqiqdir. Peyk şəkillərinin maksimal dəqiqliyi 50 sm-dir. Lakin hibrid ötürücülərdən istifadə edərək təyyarələrdən alınan məlumatların dəqiqliyi daha yüksəkdir.
Hibrid ötürücülər istənilən ərazinin yüksək dəqiqliklə 3D vizuallaşdırılmasını əldə etməyə imkan verir. Üstəlik, bütün bu məlumatlar bir uçuşla toplanır. Bu iki tamamlayıcı texnologiyanı birləşdirərək, hibrid ötürücülər ən böyük, yüksək keyfiyyətli və ən etibarlı verilənlər bazasını yaradır. Hibrid ötürücülərin əsas tətbiqlərindən biri şəhərlərin, kənd təsərrüfatı ərazilərinin və ümumilikdə ərazinin 3D xəritələrinin hazırlanmasıdır. Onların köməyi ilə dar küçələr də daxil olmaqla, şəhərlərin çox dəqiq üçölçülü xəritəsini yaratmaq olar.

Hazırda bu sahədə ən qabaqcıl texnologiyalara malik olan Leica Geosystems şirkətinin Leica TerrainMapper2 və City Terrain Mapper2 hibrid ötürücüləri şəhərlərin və istənilən ərazinin yüksək dəqiqliklə 3D vizuallaşdırılmasını əldə etməyə imkan verir.
Bu gün geoməkan məlumatlarının və “rəqəmsal əkizlərin” tətbiqinin əsas sahələri tikinti və şəhərsalma, eləcə də infrastrukturun yaradılmasıdır. Bununla belə, rəqəmsal texnologiyaların inkişafı sayəsində onların istifadə dairəsi genişlənir. Bu gün inkişaf etmiş ölkələrdə dövlət və özəl sektorda idarəetmə qərarlarının təqribən 80%-i geoməkan məlumatları əsasında qəbul edilir.

Məsələn, coğrafi məlumatların təhlili banklara yeni ofis, bank filialı və ya ATM yeri üçün ən yaxşı yeri müəyyən etməyə imkan verə bilər.
Geoməkan məlumatlarının təhlili telekommunikasiya şirkətlərinə rabitənin keyfiyyətinə nəzarət etməyə və onu lazımi səviyyədə saxlamağa imkan verir. Operator hansı konkret coğrafi ərazidə rabitənin daha pis olduğunu müəyyən edə və xidmətin keyfiyyətinin yüksəldilməsi üçün vaxtında tədbirlər görə bilər.
Geoməkan məlumatları hətta pərakəndə satış sənayesində də geniş istifadə olunur. Məsələn, coğrafi məlumatları təhlil edərək, pərakəndə satıcı, yeni filial açmaq və təchizat zəncirini qurmaq üçün ən yaxşı yeri müəyyən edə bilər.
Azərbaycanda mobil 3D xəritəçəkmə texnologiyası ilə “rəqəmsal əkiz” infrastrukturunun yaradılması “Azərişıq” ASC və “EKM Global Consulting” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Şirkət əvvəllər Şirvanşahlar Sarayı, Qız Qalası və İçərişəhərin 3D modellərini hazırlayıb. Nəticədə, Bakıda bu tarixi yerlərə virtual turlar etmək imkanı yaradılıb.
Son vaxtlaradək Azərbaycanda geoməkan məlumatları əsasən, adi kameralardan istifadə etməklə aerofotoqrafiya və peyk çəkilişləri vasitəsilə əldə edilirdi. Müxtəlif dövlət qurumları bu yolla əldə edilən coğrafi məlumatlardan istifadə edirlər.

Məsələn, Azərbaycanda əkin sahələrinin kadastrı son dəfə 2015-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə aerofotoçəkiliş yolu ilə yaradılıb və o vaxtdan məlumat bazası yenilənməyib. Hava fotoşəkilləri adi kameralardan istifadə edilərək çəkilirdi. Bununla belə, 6-7 il əvvəl adi kameralardan istifadə etməklə aerofotoçəkilişin köməyi ilə formalaşan məlumat bazasını xeyli köhnəlmiş hesab etmək olar.
Geoməkan məlumat bazalarının istifadəsi genişləndikcə, bu texnologiyadan istifadə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələyə təkan verə bilər. Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə yüzlərlə kənd və qəsəbə, eləcə də şəhər bərpa edilməlidir. Hökumətə yaşayış məntəqələrinin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” anlayışından istifadə etmək tapşırılıb. “Rəqəmsal əkizlər” “ağıllı şəhərlər” və “ağıllı kəndlər” anlayışının ən mühüm təməl elementidir. Məhz geoməkan məlumatlarının köməyi ilə çoxlu sayda mütəxəssislərin əraziyə gedib minalardan hələ tam təmizlənməmiş ərazilərdə tədqiqat aparmasına ehtiyac olmadan bu yaşayış məntəqələrinin planlaşdırılmasını ən səmərəli, ən az xərclə həyata keçirmək mümkündür.
Ona görə də “rəqəmsal əkizlərin” yaradılmasına qoyulan investisiyalar həm də iqtisadi inkişafa qoyulan investisiyalardır və bu investisiyalardan birbaşa gəlir əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR