Hesablama Palatası: Agentlik 9 uşaq bağçasının tikintisinə 147 min manat artıq vəsait xərcləyib

Hesablama Palatası: Agentlik 9 uşaq bağçasının tikintisinə 147 min manat artıq vəsait xərcləyib
# 10 iyul 2019 17:48 (UTC +04:00)

Hesablama Palatası dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılan vəsaitlərin istifadəsi üzrə uyğunluq auditin nəticəsini açıqlayıb.

APA-Economics”in məlumatına görə, audit seçilmiş obyektlərin tikintisinə başlanma tarixindən 2019-cu ilin 1 yanvar tarixinə kimi olan dövr əhatə olunmaqla, 2019-cu ilin fevral ayının 7-dən martın 7-dək keçirilib.

Dövlət əsaslı vəsait qoyuluşundan 2018-ci ildə Agentliyə ayrılan və istifadə olunmuş vəsait haqqında məlumatlara əsasən, “Ağdaş şəhərində 8 nömrəli 80 yerlik uşaq bağçasının tikintisi”, “Astara rayonunun Səncərədi kəndində 60 yerlik uşaq bağçasının tikintisi”, “Bərdə şəhərində 100 yerlik uşaq bağçasının tikintisi”, “Biləsuvar rayonunun Xırmandalı kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisi”, “Cəlilabad şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi”, “Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi”, “Şəmkir şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi”, “Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi” və “Yevlax şəhərinin 31-ci məhəlləsində 60 yerlik uşaq bağçasının tikintisi” obyektləri uyğunluq auditi ilə əhatə olunub. Audit zamanı məlum olub ki, layihələr üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri hazırlanmayıb. Yeni layihələndirilən layihələr üçün Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlara uyğun hazırlanıb və təsdiq edilmiş layihə-smeta sənədləri, texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamaları Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim edilməyib. 2018-ci ildə Agentliyə dövlət əsaslı qoyuluşundan 24 417,5 min manat, ehtiyat fondlarından isə 1 520,0 min manat vəsait ayrılıb. Dövlət əsaslı vəsait qoyuluşu üzrə nəzərdə tutulan vəsaitin 19 milyon 577 min manatı Azərbaycan Respublikası Prezidenti tərəfindən 2018-ci il 12 fevral tarixli “Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı əsasında əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1 230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədi ilə ayrılması tapşırılıb. Respublikanın regionlarında uşaq bağçalarının tikintisi üçün nəzərdə tutulmuş 19 577,0 min manat vəsaitdən 9 uşaq bağçasının tikintisi üzrə istifadə olunan 11 milyon 436,90 min manat (58,4%-i) vəsait auditlə əhatə olunub.

Auditlə əhatə olunan 9 obyekt üzrə “Dövlət satınalmaları haqqında" qanun bir sıra maddələrinin tələblərinə əməl edilməyərək podratçı təşkilatlar ilə 11 milyon 398,7 min manat məbləğində 9 satınalma müqaviləsi bağlanıb. “Şəmkir şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi” və “Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi” obyektləri üzrə tender prosedurlarının keçirilməsinə kifayət qədər vaxtın olmasına baxmayaraq podratçı təşkilatlar ilə 2 934,18 min manat məbləğində bir mənbədən satınalma müqavilələri bağlanıb. Keçirilən tenderin qalibi olan podratçılardan müqavilələrin yerinə yetirilməsi təminatı alınmadan 11398,7 min manat məbləğində satınalma müqavilələri bağlanılıb. Maliyyə əməliyyatlarının aparılması zamanı Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli 34 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinin təsdiq edilməsi haqqında” Qərarın tələblərinə tam əməl edilməyərək 1 927,1 min manat avans ödənişləri həyata keçirilib.

Daxili nəzarət üzrə nəzarət fəaliyyətinin və monitorinqin effektiv təşkil olunmaması bir sıra uyğunsuzluqların baş verməsi və aşkar olunan faktların aradan qaldırılması mümkün olsa da, işlərin dəyərinin səhv hesablanması, bazis qiymətin düzgün tətbiq edilməməsi, işlər yerinə yetirilmədiyi halda “İşlərin qəbulu haqqında Akt”lara daxil edilməsi səbəbindən ƏDV ilə 147 015 manat məbləğində artıq vəsait xərcinə yol verilib. Agentlik tərəfindən qüvvədə olan Tikinti Norma və Qaydaların tələblərinə uyğun və keyfiyyətlə tərtib edilməyən layihə-smeta sənədləri icraya qəbul edilərək işlərin dəyəri 10 722,2 manat ƏDV ilə 12 652,2 manat artırılıb. Smeta sənədlərində iş həcmlərin səhv hesablanması nəticəsində “İşlərin qəbulu haqqında Akt”da işlərin qiyməti 41 277,34 manat ƏDV ilə 48 707,26 manat artırılıb. Smeta sənədlərin tərtibi zamanı işlərin vahidinə 1991-ci ilin bazis qiymətinin düzgün tətbiq edilməməsi səbəbindən 31 364,99 manat əlavə hesablanmaqla obyektlərin ehtimal olunan dəyəri ƏDV ilə 37 010,69 manat artırılıb. İşlər yerinə yetirilmədiyi halda 41 224,45 manat həcmində ƏDV ilə 48 644,85 manat “İşlərin qəbulu haqqında Akt”lara daxil edilib. Tikintisi başa çatıb istifadə olunsa da, 801 512,8 manat dəyərində 4 obyektin müəyyən edilmiş qaydada istismara qəbulu təmin edilməyib.

Sənəddə qeyd edilib ki, daxili nəzarət mühiti müvafiq qaydada formalaşdırılsa da, Agentlik tərəfindən istehsal və sosial təyinatlı obyektlərin layihələndirilməsi və layihələrə nəzarətin aparılması, tikinti təşkilatının seçilməsinin yerli tender üsulu ilə müəyyən edilməsi, tikilən obyektlərə texniki nəzarətin həyata keçirilməsi, hazır obyektlərin istismara qəbul olunması və s. üzrə Nizamnaməsində nəzərdə tutulan vəzifə və funksiyalara tam əməl edilməyib. Auditor rəyində nəzərə çatdırıb ki, Ərazilərinin Bərpası Və Yenidən Qurulması üzrə Agentlik tərəfindən təqdim olunan 2019-cu il 18 mart tarixli məktubunda və yuxarıda göstərilənlərə əsasən qeyd olunur ki, dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə layihə-smeta sənədlərin tərtibi və aparılan maliyyə əməliyyatların (auditlə əhatə olunan obyektlər üzrə) audit meyarları ilə müqayisədə əhəmiyyətli uyğunsuzluq halları mövcuddur.

Qeyd edək ki, Ağdaş şəhərində 8 nömrəli 80 yerlik, Astara rayonunun Səncərədi kəndində 60 yerlik, Bərdə şəhərində 100 yerlik, Qobustan şəhərində 2 nömrəli 100 yerlik və Yevlax şəhərinin 31-ci məhəlləsində 60 yerlik uşaq bağçalarının tikintisi, Biləsuvar rayonunun Xırmandalı kəndində 40 yerlik, Cəlilabad şəhərində 8 nömrəli 100 yerlik, Şəmkir şəhərində 8 nömrəli 100 yerlik, Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq Bağçalarının tikintisi auditlə əhatə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR