İsrail şirkəti Əmlak Məsələləri Dövlət Komitəsinə məsləhət xidmətləri göstərəcək

İsrail şirkəti Əmlak Məsələləri Dövlət Komitəsinə məsləhət xidmətləri göstərəcək
  • Clock-gray 10:34
  • calendar-gray 25 İyul 2019

Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrailin "Ofek Aerial Photography" şirkəti arasında Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

"APA-Economics"in məlumatına görə, müqavilə "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları" mövzusunda Bakıda keçirilən konfrans çərçivəsində imzalanıb. Sənədi komitənin sədrinin müavini Rüstəm Şahbazov və “Ofek Aerial Photography” şirkətinin vitse-prezidenti Oded Erfat imzalayıblar.

Tədbir zamanı “Ofek Aerial Photography” şirkətinin vitse-prezidenti Oded Erfat bildirib ki, Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün cari vəziyyət öyrənilir və bu infrastrukturun qurulmasına dair qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə müvafiq təkliflərin təqdim edilməsi həyata keçirilir.

Bundan başqa, xarici şirkətin nümayəndələrinin Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sisteminin qurulmasının başlıca məqsədləri və verəcəyi töhfə, onun hüquqi aspektləri, eləcə də layihənin icra planı ilə bağlı təqdimatlar olub.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender keçirilib və İsrailin “Ofek Aerial Photography” şirkəti tenderin qalibi elan edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date