İşğaldan azad olunmuş ərazilərin inkişafı strategiyası üzrə işlər yekunlaşmaq üzrədir

Vüsal Qasımlı

© APA | Vüsal Qasımlı

# 21 dekabr 2021 12:46 (UTC +04:00)

"Prezident İlham Əliyevin tapşırığı əsasında yaradılan Əlaqələndirmə qərargahı və onun yanındakı İdarələrarası Mərkəz və müxtəlif istiqamətlər üzrə İşçi Qruplar fəal şəkildə işləyirlər".

Bunu APA-ya açıqlamasında İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, təkcə cari məsələlərin həlli yox, həm də işğaldan azad olunmuş ərazilərin inkişafı ilə bağlı strategiyanın hazırlanması prosesi yekunlaşmaq üzrədir: "Bu strategiya Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə kompleks sistemli siyasətinin həyata keçirilməsinə öz töhfəsini verəcək. Burada müxtəlif sahələr var. İlk olaraq, dağ-mədən sənayesinin inkişafı prioritetdir. Çünki işğaldan azad olunmuş ərazilərdə 167 faydalı qazıntı ehtiyatı var. Hazırda həmin ehtiyatların həm inventarizasiyası, həm kəşfiyyatı, həm hasilatı ilə bağlı işlər aparılır. Dağ-mədən sənayesinin əsas aparıcı istiqamətlərdən biri olacaq. İkinci istiqamət kənd təsərrüfatıdır. 150 min hektar təxminən kənd təsərrüfatına yararlı torpaq sahələrimiz var. Burada kartof, taxılçılıq, üzümçülük və digər bu kimi kənd təsərrüfatı sahələri, o cümlədən heyvandarlıq sahəsinin inkişaf etdirilməsi nəzərdə tutulub".

V. Qasımlı onu da bildirib ki, işğaldan azad olunmuş ərazilərdə turizm də aparıcı sahələrdən biri olacaq.

"Kreativ industriyanı da nəzərə alsaq, turizm burada aparıcı sahələrdən biri olacaq. Şuşa da mədəniyyət paytaxtı kimi turizmin əsas lokomotivinə çevriləcək", - V. Qasımlı bildirib.

O həmçinin qeyd edib ki, nəqliyyat-logistika sahəsində də böyük işlər görülür: "700 km-dən artıq avtomobil yolu, 300 km-dən çox dəmir yolları ya çəkilir, ya layihələndirilir. 3 aeroportun tikintisi aparılır, artıq onlardan biri istifadəyə verilib. Digər aeroportlarda layihələndirmə işləri aparılır".

V. Qasımlı onu da bildirib ki, hesablamalara görə, işğaldan azad olunmuş ərazilər 2030-cu ilədək Azərbaycanın qeyri-neft sektorunun 5-10%-ni təmin edə bilər.

"İşğaldan azad olunmuş ərazilərə sərmayələrin cəlb edilməsi üçün vergi, gömrük güzəştləri, kreditlərin subsidiyalaşdırılmasına şərait yaradılacaq. Bununla bağlı hazırda Nazirlər Kabinetində iş gedir. Gəlir vergisində, mənfəət vergisində, idxal rüsumlarında, sosial sığorta ayırmalarında güzəştlərin edilməsi ilə bağlı müzakirələr aparılır. Bu cür vergi və güzəştlərinin verilməsi sərmayələri daha cəlbedici edəcək. Onda investorlar daha maraqlı olacaq".

V. Qasımlı əlavə edib ki, 900-dən çox investor Azərbaycan hökumətinə işğaldan azad edilmiş ərazilərdə işləmək üçün müraciət edib: "Onların hər üçündən biri xarici sərmayədardır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR