Komitə sədri: "Milli Məkan Məlumatları İnfrastrukturunun dövlət və biznes qurumlarının əlaqəsinin təşkilində xüsusi rolu var"

Komitə sədri: "Milli Məkan Məlumatları İnfrastrukturunun dövlət və biznes qurumlarının əlaqəsinin təşkilində xüsusi rolu var"
# 25 iyul 2019 10:15 (UTC +04:00)

Azərbaycanda dövlətin idarəetmə mexanizmi innovativ üsullarla həyata keçirilir, o cümlədən elektron hökumət quruculuğu, geoməkan standartlarının tətbiqi sahələrində işlər təkmilləşdirilir.

"APA-Economics"in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları" mövzusunda Bakıda keçirilən konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, elektron hökumətin ayrılmaz tərkib hissəsini ölkədə qurulmasına start verilmiş Milli Məkan Məlumatları İnfrastrukturu təşkil edir. Bu baxımdan Azərbaycan Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib. Bu Qaydalar milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin edilməsi və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını müəyyən edir.

“Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası işi həvalə edilməklə komitə sistemin operatoru kimi müəyyən olunub”, - deyə Komitə sədri bildirib.

K. Həsənovun sözlərinə görə, Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb, verilmiş tapşırıqların icrası olaraq bir sıra normativ hüquqi aktların ilkin layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender keçirilib və İsrailin beynəlxalq nüfuzlu “Ofek Aerial Photography” şirkəti tenderin qalibi elan edilib.

“Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Ölkəmizdə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılmasına böyük töhfə verəcək layihələrdən biri də Yer Səthinin Peyk Nəzarəti Sisteminin qurulması layihəsidir”, - deyə K. Həsənov əlavə edib.

Komitə sədri onu da qeyd edib ki, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ölkədə iqtisadiyyatın və idarəetmənin səmərəliliyinə müsbət təsir edən amillərdən biridir. Həmçinin Milli Məkan Məlumatları İnfrastrukturunun dövlət və biznes qurumlarının operativ və şəffaf qarşılıqlı əlaqəsinin təmin edilməsində xüsusi rolu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR