Kosmik obyektlər üzərində mülkiyyət hüququ reyestrdə qeydiyyata alınacaq

Kosmik obyektlər üzərində mülkiyyət hüququ reyestrdə qeydiyyata alınacaq
# 30 may 2023 12:33 (UTC +04:00)

Kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Kosmik fəaliyyət subyektləri kosmik operatorlar, fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları), kosmik obyektlər kosmik fəzaya çıxarılması nəzərdə tutulan və ya çıxarılmış kosmik aparat (peyk, kosmik gəmi), kosmik qurğu, raketdaşıyıcı, habelə kosmik aparatların və kosmik qurğuların öz funksiyalarını düzgün icra etməsi üçün nəzərdə tutulan digər avadanlıqdır.

Layihəyə əsasən, reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Kosmik fəzada olan kosmik obyektin bu qanunun tələblərinə əməl etməklə özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız hala düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir.

Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş kosmik obyekt üzərində mülkiyyət hüququ Müqaviləyə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun müəyyən edilir. Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair məlumatlar milli kosmik operator tərəfindən Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR