Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblər müəyyənləşir

Milli Məclis

© APA | Milli Məclis

# 05 may 2022 16:43 (UTC +04:00)

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblər müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblər kritik informasiya infrastrukturunun subyekti tərəfindən kritik informasiya infrastrukturunun təyinatı və onun fəaliyyət xüsusiyyətlərinə müvafiq olaraq müəyyən ediləcək və kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdiriləcək. Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə kritik informasiya infrastrukturu subyektlərinə yazılı və şifahi şəkildə izahlar verəcək, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərəcək.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə səlahiyyətli orqanın kritik informasiya infrastrukturunun subyektinə göndərdiyi sorğular təxirəsalınmadan cavablandırılmalıdır. Kritik informasiya infrastrukturunun subyekti ona məxsus kritik informasiya infrastrukturu obyektinə olan kiberhücumlara qarşı cavab tədbirlərinin görülməsi, habelə kibertəhdidlərin və kiberinsidentlərin qarşısının alınması ilə bağlı səlahiyyətli orqanın həyata keçirdiyi fəaliyyətə zəruri şərait yaratmalı və dəstək verməlidir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Eyni zamanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin təşkili qaydası müəyyənləşir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin ümumi təşkili və əlaqələndirilməsi səlahiyyətli orqan tərəfindən həyata keçiriləcək.

Kritik informasiya infrastrukturu subyekti ona məxsus olan kritik informasiya infrastrukturunun təhlükəsizliyini infrastrukturun təhlükəsizliyinə dair müəyyən edilmiş ümumi və xüsusi tələblərə uyğun olaraq təmin edəcək. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə səlahiyyətli orqan:

- kritik informasiya infrastrukturunun təhlükəsizliyi sahəsində ümumi vəziyyətin fasiləsiz monitorinqini həyata keçirir;

- kritik informasiya infrastrukturunun təhlükəsizliyinə yönələn kibertəhdidlərlə mübarizə üzrə əlaqələndirilmiş tədbirlərin görülməsini təşkil edir;

- kritik informasiya infrastrukturunun təhlükəsizliyinə yönələn kibertəhdidlərin qarşısının alınması məqsədilə təhlükəsizlik boşluqları və riskləri, zərərverici proqram təminatı, qlobal və lokal xarakterli kiberinsidentlər, kritik informasiya infrastrukturuna münasibətdə törədilmiş kiberhücumlar, cəhdlər və bununla bağlı olan digər məlumatları toplayır və təhlil edir, təhdidlərin kritik informasiya infrastrukturunun təhlükəsizliyinə potensial təsirlərini qiymətləndirir;

- kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə məsul şəxslərdən qarşılaşdıqları informasiya təhlükəsizliyinə dair kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatları toplayır, təhdidlərin qabaqlanması, qarşısının alınması və onlarla mübarizə aparılması üçün zəruri olan məlumatları operativ şəkildə onlara verir, müvafiq tədbirlərin görülməsi üçün köməklik göstərir;

- kiberhücumlar, təhlükəsizlik boşluqları və riskləri, zərərverici proqram təminatı və kritik informasiya infrastrukturunun təhlükəsizliyinə digər təhdidlərlə bağlı kritik informasiya infrastrukturu subyektlərinə xəbərdarlıqlar və tövsiyələr verir.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydası da müəyyənləşir. Layihəyə əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyi həmin infrastrukturun təhlükəsizliyinə dair tələblərin müəyyən edilməsi, bu tələblərə uyğunluğunun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, həmin tələblərə müvafiq olan informasiya təhlükəsizliyini idarəetmə sisteminin tətbiq edilməsi, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarətin həyata keçirilməsi yolu ilə təmin ediləcək.

Dövlət sirri təşkil edən məlumatların, habelə fərdi məlumatların toplanılmasını və işlənilməsini həyata keçirən kritik informasiya infrastrukturunun təhlükəsizliyi dövlət sirri və fərdi məlumatlar haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla təmin olunacaq.

Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq.

Eyni zamanda layihəyə əsasən, kritik informasiya infrastrukturu obyektləri müəyyən edilir.

Obyektin funksionallığının pozulmasının aşağıdakı nəticələrə səbəb ola bilməsi onun kritik informasiya infrastrukturu obyekti hesab edilməsinə əsasdır:

- dövlətin müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və müdafiə qabiliyyətinin pozulmasına təhlükənin, habelə ictimai təhlükəsizliyə mühüm təhdidlərin yaranması;

- dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin pozulması, həyat təminatı infrastrukturunun normal fəaliyyət göstərməsinə ciddi maneələrin yaranması, nəqliyyat və kommunikasiya əlaqələrinin kəsilməsi və ya səhiyyə xidmətlərinin göstərilməsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması nəticəsində əhalinin mühüm təminatlardan məhrum olması;

- iqtisadi və maliyyə sabitliyinin pozulması, dövlət büdcəsinin formalaşdırılmasına əhəmiyyətli zərərin vurulması;

- ekoloji tarazlığın pozulması və ekoloji vəziyyətin kəskin pisləşməsi.

Kritik informasiya infrastrukturu obyektlərinin meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yuxarıda qeyd edilmiş tələblər nəzərə alınmaqla müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR