Kür Sutəmizləyici Qurğular Kompleksinə infotur təşkil olunub

Kür Sutəmizləyici Qurğular Kompleksinə infotur təşkil olunub
# 10 iyul 2019 18:59 (UTC +04:00)

Kür Sutəmizləyici Qurğular Kompleksində Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr edilmiş infotur keçirilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, “Azərsu” ASC Kür Sutəmizləyici Qurğular Kompleksinə informasiya ekskursiyası çərçivəsində jurnalistləri kompleksin iş prinsipi ilə tanış edib.

Qeyd edilib ki, hazırda kompleks Mil-Muğan bölgəsinin 7 rayonunu və Bakı şəhərinin bəzi ərazisini, ümumilikdə isə 600 minə qədər əhalini içməli su ilə təmin edir.

Eyni zamanda “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi də həyata keçirilib. Bu məqsədlə həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından saniyədə 5 kubmetr həcmində suvarma suyu verilir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcmi xeyli artığından Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsi Muğan və Aran rayonlarına yönəldilib. Bu məqsədlə 2012-2013-cü illərdə 107 km uzunluğunda Şirvan-Muğan qrup su kəməri və kəmərin marşrutu boyunca Hacıqabul, Salyan və Biləsuvar su anbarları tikilib. Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ilin aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də Biləsuvar, 2016-cı ilin sentyabrın 3-də isə Salyan şəhərlərinə içməli suyun verilməsi təmin olunub.

Gələcəkdə bu kəmərdən 40 kilometr uzunluqda kəmər vasitəsi ilə Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Qeyd edək ki, Şirvan-Muğan Qrup su kəmərindən 5 şəhər və 121 kəndin 470 min nəfər sakini faydalanır.

Bununla yanaşı, 2014-cü ildə uzunluğu 62 km olan Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri tikilərək istismara verilib. Həmin kəmər 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad və Saatlı şəhərlərinin, həmin rayonların 40 kəndinin, eləcə də Hacıqabul rayonunun 4 kəndinin ümumilikdə 160 min nəfər sakininin içməli suya olan tələbatını ödəyəcək.

Kür sutəmizləyici qurğularında suyun təmizlənməsi prosesi 3 mərhələdə həyata keçirilir. Belə ki, üzən nasos stansiyaları vasitəsilə Kür çayından götürülən su əvvəlcə radial su durulducularına ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. 2-ci mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçərək standartlara uyğun təmizlənən su anbara ötürülür. Burada xlorlanaraq zərərsizləşdirilən su nasoslar vasitəsilə magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur.

Kür suyunun paytaxta gətirilməsi zərurəti SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sisteminin birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Heydər Əliyevin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb edilir. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılır.

Kür su magistral kəmərinin birinci növbəsi 1970-ci il sentyabr ayının 27-də istifadəyə verilir. Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci növbəsinin daha tez reallaşmasına gətirib çıxarır və cəmi bir il sonra - 1971-ci il sentyabrın 15-də ikinci Kür-Bakı su kəməri istifadəyə verilir.

1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR