MDB ölkələri Vergi təhqiqatı orqanı rəhbərlərinin Koordinasiya Şurasının 20-ci iclası Azərbaycanda keçiriləcək

MDB ölkələri Vergi təhqiqatı orqanı rəhbərlərinin Koordinasiya Şurasının 20-ci iclası Azərbaycanda keçiriləcək
  • Clock-gray 17:19
  • calendar-gray 27 Avqust 2019

MDB ölkələrinin Vergi təhqiqatı orqanları rəhbərlərinin Koordinasiya Şurasının 20-ci iclası 2020-ci ildə Azərbaycanda keçiriləcək.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar 21-23 avqustda Tacikistanda keçirilən Şuranın 19-cu iclası zamanı qəbul edilib.

Koordinasiya Şurasının və ekspertlərin iclaslarında Azərbaycan, Belarus, Özbəkistan, Qırğızıstan, Tacikistan, Rusiya, Ermənistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, iclasa müşahidəçi qismində Latviyanın Dövlət Gəlirləri Xidmətinin nümayəndələri də qatılıb.

İclas zamanı maliyyə-kredit sahəsində cinayətkarlığa qarşı mübarizədə üzv ölkələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər, eləcə də yalançı sahibkarlıq, vergidən yayınma və qəsdən müflisləşmə ilə mübarizə sahəsində ölkələrin qanunvericiliklərinin və təcrübələrinin xüsusiyyətləri barədə məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tədbirdə MDB ölkələrinin vergi istintaq orqanları tərəfindən iqtisadi təhlükəsizliyi təmin etmək sahəsində gördüyü işlər barədə məruzələr dinlənilib, aksizli malların qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı idarələrarası əməkdaşlıq təcrübəsi, o cümlədən xaricdən pul vəsaitlərinin geri qaytarılmaması və qanunsuz qumar oyunlarına qarşı mübarizə ilə əlaqədar cinayətlərin aşkarlanması, qarşısının alınması və araşdırılması üzrə işçi qrupun fəaliyyətinə dair müzakirələr aparılıb.

Bundan əlavə, Koordinasiya Şurasının 19-cu iclasının qərarlarının üzv ölkələr tərəfindən yerinə yetirilməsi və Şuranın fəaliyyəti haqqında hesabatlar, eləcə də iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə hər bir üzv ölkənin fəaliyyəti barədə çıxışlar dinlənilib. Koordinasiya Şurasının 2019-2020-ci illər üçün iş planı təsdiq edilib və iclasın yekun protokolu imzalanıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date