MDU “AzInTelecom”un İnformasiya Təhlükəsizliyi xidmətlərindən yararlanacaq

MDU “AzInTelecom”un İnformasiya Təhlükəsizliyi xidmətlərindən yararlanacaq
# 07 oktyabr 2022 16:30 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndələri və Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi arasında görüş keçirilib.

"APA-Economics" xəbər verir ki, görüş zamanı MDU-nun “AzInTelecom” MMC-nin təqdim etdiyi İnformasiya auditi və konsultasiya xidmətlərindən istifadə etməsi barədə razılıq əldə olunub.

Plana əsasən, “AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin əməkdaşları universitetin hazırladığı “Yeni nəsil rəqəmsal universitet” layihəsinə məxsus İT sistemlərini qurumun bulud infrastrukturunda yerləşdirəcəklər.

Həmçinin MDU-nun informasiya resurslarının risklərdən qorunması və ali məktəbin kiberlaboratoriyası ilə “AzInTelecom” MMC-nin kibertəhlükəsizlik komandası arasında əməkdaşlığın yaradılmasına dair razılıq əldə olunub.

Universitet rəhbərliyi tələbələrin “AzInTelecom” MMC-də müvafiq ixtisaslar üzrə təcrübə keçmələrində maraqlı olduğunu ifadə edib. Bununla bağlı da qarşılıqlı razılaşma əldə olunub.

Qeyd edək ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, Kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.

İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətinə beynəlxalq standartlara uyğun olaraq siyasət sənədlərinin hazırlanması və risk qiymətləndirilməsinin aparılmasından başlayaraq miqrasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinədək olan bütün addımlar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR