Naxçıvanın dövlət qurumları “Kibergigiyena layihəsi”nə qoşulub

Naxçıvanın dövlət qurumları “Kibergigiyena layihəsi”nə qoşulub
# 28 yanvar 2023 13:21 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının dövlət qurumları “Kibergigiyena layihəsi”nə qoşulub.

Bu barədə “APA-Economics”ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının mövcud və ya yarana biləcək təhlükələrdən qorunması məqsədilə kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərini davam etdirir. Həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aidiyyəti əməkdaşları “Kibergigiyena layihəsi”nə qoşulublar. Layihənin əsas məqsədi informasiya təhlükəsizliyində biliklərin artırılması və möhkəm kiber immuna sahib olmaqdır. Layihə çərçivəsində Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 34 əməkdaşı iştirak edib. Layihənin icrası çərçivəsində mühəndislərin kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən edilib.

Məlumat üçün bildirək ki, kibergigiyena internetdən təhlükəsiz istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli sahələrin müəyyən edilməsini, rəqəmsal təhlükəsizlik üzrə baza biliklərinin artırılmasını özündə ehtiva edir. Bura həm mövcud risk sahələri haqqında məlumatlandırma, həm də bu risklərdən yayınma üsulları aiddir.

Bu layihənin yekun hədəfi riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə internetdən təhlükəsiz istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaq və bu bilikləri şəxsi gigiyenik qaydalar kimi bir vərdiş halına çevirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR