Nazir müavini: 2022-ci ildə Azərbaycanın tranzit karqo həcmi 75% artıb

Nazir müavini: 2022-ci ildə Azərbaycanın tranzit karqo həcmi 75% artıb
# 25 noyabr 2022 18:43 (UTC +04:00)

Prezident İlham Əliyevin iştirakı ilə noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransın davamı Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) baş tutub.

APA xəbər verir ki, konfransda ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edib.

Konfrans iştirakçılarını salamlayan Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxışında Orta Dəhlizin Avropa və Asiya arasında mühüm rol oynadığını və əsas dəhlizə çevrildiyini bildirib. Baş direktor Azərbaycanın tarixi İpək Yolundakı mühüm mövqeyi və ölkəmizdə icra edilən logistik hab konsepsiyası barədə də məlumat verib, nəzərə çatdırıb ki, regional mərkəzini burada formalaşdıran şirkətlər 1000 km radiusda yaşayan, 130 milyondan çox insana operativ xidmət göstərə bilər.

ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə ADA Universitetinin 2020-ci ildən etibarən ölkə başçısı İlham Əliyevin iştirakı ilə yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etdiyini xatırladıb.

Protektor bildirib ki, ADA Universiteti ənənəvi olaraq xarici ekspertləri bir araya gətirərək onların Xəzər regionu, regional nəqliyyat dəhlizləri və əməkdaşlıq imkanları ilə bağlı ətraflı məlumat əldə etməsinə dəstək göstərir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Orta Dəhlizin tranzit potensialından bəhs edərək vurğulayıb ki, 2022-ci il ərzində Azərbaycanın tranzit karqo həcmi 75% artıb. Əlavə edib ki, Azərbaycan 2030-cu ilədək Şimal-Cənub dəhlizi üzrə yükdaşıma həcmini illik 15 milyon ton, Şərq-Qərb dəhlizi üzrə 9-10 milyon ton, Şərq-Qərb-Zəngəzur dəhlizi üzrə 5-8 milyon ton artırmaq niyyətindədir.

Konfrans iştirakçıları daha sonra Ələt qəsəbəsində yerləşən Limandakı terminalların iş prinsipi ilə yerində tanış olub, Limanın fəaliyyətinə dair ətraflı məlumat əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR