Neftçalaya çəkilmiş ikinci magistral su kəməri istismara verilib

Neftçalaya çəkilmiş ikinci magistral su kəməri istismara verilib
# 31 may 2023 15:06 (UTC +04:00)

Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikilən ikinci magistral su kəmərinin inşası yekunlaşıb.

"APA-Economics" Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Şirvan-Muğan qrup su kəmərindən qidalanan ikinci kəmər Neftçala şəhəri ilə yanaşı rayonun kəndlərinin də dayanıqlı su təminatına imkan verəcək.

Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə çəkilən birinci kəmər 2020-ci ildə istismara verilib. Bu kəmər Neftçala şəhəri və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin etməyə imkan yaradırdı. İçməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması üçün əlavə su həcmlərinə ehtiyac yaranıb.

Bunlar nəzərə alınaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə ikinci magistral su kəməri çəkilib. 450-560 mm diametrli borularla 38 km uzunluğunda inşa edilmiş ikinci magistral kəmər Salyan şəhərində yeni tikilmiş 7500 kubmetr tutumu olan su anbarından qidalanır. Yeni kəmərin birinci Salyan-Neftçala magistral su kəmərilə əlaqələndirilməsi gələcəkdə baş verə biləcək qəzalar və ya suya tələbatın artdığı yay aylarında yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR