Nigar Alimova: Özbaşına tikililərin tənzimlənməsi kompleks tədbirləri zəruri edir - MÜSAHİBƏ

Nigar Alimova: Özbaşına tikililərin tənzimlənməsi kompleks tədbirləri zəruri edir - MÜSAHİBƏ
# 07 fevral 2023 11:03 (UTC +04:00)

APA-Economics” daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və bu sahədə mövcud problemlərinin həlli ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova ilə müsahibəni təqdim edir:

- Nigar xanım, daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas problemlərdən biri sənədsiz evlərdir. Fərdi evlər tikilib, uzun illər həmin evlərdə yaşayış var, amma sənəd almaq mümkün deyil. Bu problem necə həll ediləcək?

- Bu məsələ ilə bağlı ilkin konsepsiya sənədi hazırlanıb. Özbaşına tikililərin tənzimlənməsi müxtəlif dövlət qurumlarının səlahiyyətlərinə aid kompleks tədbirləri zəruri edir. Burada mülkiyyət hüququnun yaranması və qorunması, torpaqlardan istifadə, şəhərsalma qaydaları, tikintinin təhlükəsizliyi tələblərinə əməl edilməsi kimi aspektlər mövcuddur. Müzakirələrdən sonra məsələlərin hansı ardıcıllıqla öz həllini tapacağını demək olar.

Xüsusilə infrastruktur obyektlərinin – yüksək gərginlikli elektrik xətlərinin, yüksək təzyiqli qaz və neft kəmərlərinin, dəmiryolunun, magistral avtomobil yollarının, eləcə də Xəzər dənizi və çayların mühafizəsində yerləşən evlər mövcuddur. Bu evlərin istifadə edilməsi həm sakinlər üçün təhlükə mənbəyidir, həm də infrastrukturun normal istismarına ciddi maneə yaradır.

Eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda, meşə torpaqlarında, Dövlət Neft Şirkətinin beynəlxalq müqavilələrin predmeti olmuş mədən ərazilərində evlərin tikilməsi məsələni mürəkkəbləşdirən aspektləri təşkil edir.

Hazırda qanuniləşdirilməsi ən asan olan evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərdir. Burada yalnız söhbət torpağın kateqoriyasının dəyişdirilməsindən gedir. Yaşayış massivinin köçürülməsi, sökülməsi xərcləri də dəyərləndirilməlidir. Məsələn, müəyyən edilməlidir ki, yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi dövlətə az risk və xərc tələb edir, daha asandır, yoxsa yaşayış massivinin yerinin dəyişdirilməsi? Ola bilər ki, həmin vətəndaşlara çoxmənzilli binalardan ev təklif edilsin.

Burada tənzimləmə vətəndaşların, xüsusilə aztəminatlı ailələrin qorunması ilə yanaşı torpaqdan qanunsuz istifadəyə gələcəkdə yol verilməməsi, şəhərsalma və tikintidə təhlükəsizlik qaydalarının pozulmaması kimi amilləri tarazlığını təmin etməlidir.

- Sizin hesablamalara görə, hazırda ölkədə nə qədər qanunsuz tikilmiş evlər var və bunun nə qədəri Bakı-Abşeron yarımadasına düşür?

- Kadastr məlumatlarına əsasən, ölkə üzrə qeydiyyata alınmamış tikililərin sayı təqribən 450 min təşkil edir. Bunun təxminən 400 mindən çoxu Bakı və Abşeron yarımadasının payına düşür. Müxtəlif vaxtlarda xüsusilə Bakı şəhərində bələdiyyələrin torpaq ayırmaq səlahiyyəti olmadan və bələdiyyə torpaqlarının idarə edilməsi barədə qanunvericiliyin tələblərinə əməl edilmədən torpaq satışı həyata keçirilib. Regionlarda bələdiyyələrin torpaq ayırmaq səlahiyyətləri bu gün də normal həyata keçirilir.

Tikili faktiki olaraq mövcud olduğu üçün hökumət və aidiyyəti dövlət orqanları, o cümlədən icra hakimiyyətlərinin üzərinə şəhər planlaması baxımından çox böyük öhdəlik düşür. Fövqəladə Hallar Nazirliyinə aid tikintilərin təhlükəsizliyi ilə bağlı məsələlər var. Əmlak Məsələləri Dövlət Xidməti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi zəncirvari prosesin ən sonunda olan bir strukturdur. Yəni, bu tikililərlə bağlı qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş sənədlər əsasında qeydiyyat aparan orqandır.

- Belə görünür ki, artıq hökumət bu məsələyə ciddi yanaşır?

- Təbii, bu təkcə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”ni maraqlandıran məsələ deyil, hökumətin, aidiyyəti dövlət qurumlarının həllinə yönəlik təşəbbüslə çıxış etdikləri bir məsələdir.

- Hazırda əsas problemlərdən biri MTK-ların çıxarışsız satdığı mənzillərlə bağlıdır. Mənzillər adi müqavilə ilə vətəndaşa satılır, çıxarış verilmir. Daha sonra çıxarışın olmamasından istifadə edib sayğacın qoyulması və digər “əlavə xidmətlərə” görə ödəniş tələb edirlər. Və yaxud bina sənədləşdirilmədiyi üçün kommunal xidmətlərin istifadəsində çətinliklər ortaya çıxır. Problem necə həll ediləcək?

- Daşınmaz əmlakın qeydiyyatının tam elektronlaşdırılması ilə bağlı islahatın bir hissəsi olaraq həyata keçirilməsi nəzərdə tutulmuş digər mühüm yenilik çoxmənzilli binalarda yerləşən mənzillərin qeydiyyatının elektron sistem üzərindən aparılmasının təmin edilməsidir. Yeni yaradıcılacaq sistemdə mənzil tikinti kooperativinə üzvlük, üzvlüyə xitam verilməsi, mənzilə dair ödənişlərin edilməsi və daşınmaz əmlakın qeydiyyatında sənədlərin əldə edilməsi üçün əməliyyatların tam elektronlaşdırılması ilə bağlı müvafiq təkliflər hazırlanır. Məsələn, hazırda mənzil tikinti kooperativləri (MTK) maliyyə arayışlarının verilməsi üçün əlavə ödəniş tələb edir. Yeniliyə əsasən, hər bir əməliyyat sistem üzərindən generasiya olunacağı üçün artıq vətəndaşın kimdənsə sənəd alıb gətirməsinə zərurət olmayacaq. Elektron qeydiyyatı nəzərdə tutan platforma özü-özlüyündə bütün əməliyyatları, bütün hərəkətləri sistem üzərindən fiksasiya edəcək. Yekunda vətəndaşın MTK-dan aslılığı olmayacaq. MTK-ya üzvlük və üzvlükdən çıxma həm vergitutma baxımından, həm də qarşılıqlı münasibətlər baxımından çox ciddi şəkildə şəffaflaşacaq. Bu önəmli bir yenilikdir. Hesab edirik ki, hazırda mənzil tikinti kooperativi üzvlərinin qarşılaşdıqları problemlərin və sualların həlli ilə bağlı müddəalar hazırlanan təklif layihəsində öz əksini tapacaq.

- Sənədsiz evlərin icbari sığortası ilə bağlı problem necə həll ediləcək?

- İcbari sığorta ilə məşğul olan həm dövlət, həm də özəl sektor qurumları elektron informasiya resursundan tam istifadə edəcəklər. Ölkədə qeydiyyata alınmamış tikililərin tənzimlənməsi iqtisadi sahədəki, eləcə də vətəndaşların hüquq və mənafeləri ilə bağlı bir çox məsələnin həllinə töhfə verəcək. Evlərin sənədləşdirilməsi vətəndaşların qeydiyyatı, evlərin sığortalanması, alqı-satqısı, vərəsəlik, ipoteka kimi bir çox sahələrdəki problemlərin avtomatik olaraq həll olunmasına şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR