Ötən il ölkədə 3,8 mln. ton tullantı əmələ gəlib

Ötən il ölkədə 3,8 mln. ton tullantı əmələ gəlib
# 21 aprel 2022 16:15 (UTC +04:00)

2021-ci ildə Azərbaycanda 3 778,2 min ton və ya əvvəlki illə müqayisədə 9,4% çox tullantı əmələ gəlib və onların 68,3%-ni bərk məişət tullantıları, 31,7%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il yaranmış 2 581,2 min ton bərk məişət tullantılarının 78,3 %-i zərərsizləşdirilmək məqsədilə poliqonlara daşınıb, 21,3%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,4%-i isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 193,2 milyon kVt saat və ya 2020-ci illə müqayisədə 3,7% az elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 12,3%-i müəssisələrdə xammal kimi istifadə edilib, 34,2%-i ölkə daxilində satılıb, 1,8%-i ixrac olunub, 6,9%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,8%-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2021-ci ildə 245,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 6,5% olub. Tullantıların 57,4%-i mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 102,5 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR