Qaz abonentlərinin 48%-i ötən il aşağı istehlak tarifini keçməyib

Qaz abonentlərinin 48%-i ötən il aşağı istehlak tarifini keçməyib
# 14 yanvar 2022 12:29 (UTC +04:00)

Ötən il Azərbaycanda qaz abonentlərinin 47,5%-i ən aşağı istehlak tarifini (1 200 m3) keçməyib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, söhbət aşağı istifadə tarifini keçməyən 1 142 413 abonentdən gedir.

R. Əliyev qeyd edib ki, ötən il 40-a yaxın şəhər və rayon (Bakı, Abşeron və Sumqayıt daxil olmaqla) üzrə 100-dək yaşayış massivində yeni qazpaylayıcı kəmərləri çəkilib.

Baş direktor onu da vurğulayıb ki, ümumiyyətlə, 2021-ci ildə 338,2 km yeni qaz xətti çəkilib, 413 km qaz kəmərində isə əsaslı təmir işləri aparılıb. Respublika üzrə qazlaşma səviyyəsi 96,3% çatdırılıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edildi. Qərara əsasən əhalinin illik istehlakının 1 200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1 200-2 500 m3-dək və 2 500 m3-dən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırıldı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR