Qırğızıstanda beynəlxalq tranzit logistika mərkəzi yaradılır

Qırğızıstanda beynəlxalq tranzit logistika mərkəzi yaradılır
# 14 iyul 2022 09:46 (UTC +04:00)

Özbəkistan-Qırğızıstan İnkişaf Fondu Qırğızıstanın Batken vilayətinin Qızıl-Kiya şəhərində beynəlxalq tranzit logistika mərkəzinin yaradılması layihəsi üzərində işləyir. “APA-Economics” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə iyulun 14-də Qırğız Respublikası Nazirlər Kabinetinin ölkə prezidenti Sadır Japarovun sədrliyi ilə keçirilən iclasında Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov bildirib.

Onun sözlərinə görə, Qızıl-Kiyadakı köhnə şəhər hava limanının yerində yeni obyektin tikintisi planlaşdırılır, layihənin texniki-iqtisadi əsaslandırması artıq hazırdır.
“Ümid edirik ki, bu layihə Çindən Fərqanə vadisinə və daha sonra Avrasiya İqtisadi Birliyi ölkələrinə, eləcə də Avropaya yeni ticarət marşrutu açacaq”, - Akılbek Japarov bildirib.

Digər birgə inkişaf fondlarının fəaliyyətini şərh edən Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri xatırladıb ki, Macarıstan-Qırğızıstan İnkişaf Fondu artıq fəaliyyətə başlayıb, Rusiya-Qırğızıstan İnkişaf Fondu isə artıq 2022 ilin əvvəlindən 75 mln. ABŞ dolları dəyərində 20 layihəni maliyyələşdirib.

Xatırladaq ki, bu yaxınlarda yaradılan Özbəkistan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 50 mln. dollar olsa da, onun 200 mln. dollara çatdırılması planlaşdırılır.

Qeyd olunur ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana son səfəri zamanı bu ölkə ilə kapitalı 1 mlrd. dollara çata biləcək birgə investisiya fondunun yaradılması məsələsi müzakirə olunub. Bundan əvvəl isə Qırğızıstan rəhbəri Türkmənistan lideri ilə nizamnamə kapitalı 100 mln. dollar olan Qırğızıstan-Türkmən inkişaf fondunun yaradılması barədə razılığa gəlib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayev isə bildirib ki, “ÇXR ilə investisiya fondunun yaradılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda hökumətlərarası görüşlər keçiriləcək, bundan əlavə, ərəb ölkələrinə də oxşar təklif göndərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR