Qlobal elektron poçt xidmətində yüksək riskli boşluq aşkarlanıb

Qlobal elektron poçt xidmətində yüksək riskli boşluq aşkarlanıb
# 26 avqust 2022 17:38 (UTC +04:00)

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən qlobal elektron poçt xidməti sisteminin audit yoxlamaları zamanı elektron poçt sisteminin məlumat bazasına müdaxilə etməyə imkan verən yüksək riskli boşluq aşkar edilib.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, aşkar edilmiş bu boşluq rəsmi olaraq təsdiqlənib və ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən CVE-2022-35115 identifikasiya kodu verilib.

Qeyd edilən boşluq barədə qlobal elektron poçt xidmətinin təminatçısı Çex Respublikasının Praqa şəhərində yerləşən proqram təminatı şirkəti olan IceWarp Inc. məlumatlandırılıb, adıçəkilən şirkət isə dərhal müsbət reaksiya verərək müvafiq boşluğu aradan qaldıran yenilənmələri tətbiq edib.

Məlumat üçün qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən və ABŞ, Almaniya, Rusiya, Çexiya və Hindistanda ofisləri olan şirkətin məhsulları dünya üzrə 50.000-dən çox müəssisə tərəfindən istifadə olunur. Onun məhsulu Exchange Server, Office 365 və ya G Suite-ə alternativi hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR