Qurumlararası İşçi Qrupu Bakının Baş planı çərçivəsində icra olunacaq strateji layihə təkliflərini müzakirə edib

Qurumlararası İşçi Qrupu Bakının Baş planı çərçivəsində icra olunacaq strateji layihə təkliflərini müzakirə edib
# 09 oktyabr 2019 16:59 (UTC +04:00)

Bakı şəhərinin Baş planının aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanması prosesi planlaşdırılmış vaxt cədvəlinə uyğun olaraq davam etdirilməkdədir. İşin icrasında iştirak edən tərəflərin əlaqələndirilməsi məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaradılmış qurumlararası İşçi Qrupun üçüncü iclası bu gün baş tutub.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, iclasda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov İşçi Qrupun 18 sentyabr tarixində keçirilmiş ötən iclasında dövlət qurumlarının fəallığını, irəli sürülən təklifləri yüksək qiymətləndirərək, Qrup üzvlərinə Bakının gələcək inkişafının planlaması sahəsində səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. Sədr müavini qeyd edib ki, ekspertlərin ötən iclasda təqdim etdiyi “Çoxmərkəzli nüvəyə sahib şəhərin formalaşdırılması”, “Əhalinin mobilliyini təmin edəcək ictimai nəqliyyat şəbəkələri” və “Müasir şəhər iqtisadiyyatı” mövzularında ilkin baxışların və müvafiq strateji layihələrin konstruktiv müzakirələrinin nəticələri Baş planın hazırlanması prosesinə dəyərli töhfəsini vermişdir. O, aidiyyəti dövlət qurumlarının rəsmilərinin iştirakı ilə İşçi Qrupun iclasları çərçivəsində bu növ strateji məsələlərin müzakirəsinin böyük əhəmiyyətini vurğulayaraq, iclasın gündəliyini və müzakirə üçün təqdim olunan yeni mövzuları diqqətə çatdırdı.

Sonra Bakının baş planının hazırlanması üzrə Komitə tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi – layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritetlərinə əsaslanaraq işlənmiş daha bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib. Təqdim olunmuş şəhər planlaması baxışları “Əlverişli mühəndis kommunikasiyaları infrastrukturunun formalaşdırılması”, “Dayanıqlı ekologiyaya malik şəhər” və “Mədəni irsin qorunması və Yeni şəhər iqtisadiyyatı” kimi mövzuları əhatə edib.

Daha sonra İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 paralel sessiya formatında davam edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri və Komitənin məsləhətçisi olan BCG şirkətinin nümayəndələri tərəfindən idarə olunan sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparıldı, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənildi. Eyni zamanda, iclasda təqdim olunmuş və Bakının Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olunub.

Noyabr ayında təşkil olunacaq növbəti iclas Strateji Sessiya formatında keçiriləcək və seçilmiş strateji layihələr portfelinin müzakirəsinə həsr ediləcək.

Qeyd edək ki, İşçi Qrupun ilk iclası cari ilin iyun ayında baş tutmuş və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Komitə tərəfindən paytaxtın Baş planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR