Ramin Quluzadə: "Keçid Planı hazırlanacaq, hökumət strukturlarının "Hökumət buludu"na keçidi təmin olunacaq"

Ramin Quluzadə: "Keçid Planı hazırlanacaq, hökumət strukturlarının "Hökumət buludu"na keçidi təmin olunacaq"
# 24 iyun 2019 15:29 (UTC +04:00)

"BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsi çox əhəmiyyətlidir".

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil edilən "Dövlət xidmətlərinin gələcəyi: 2030 gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi" panelində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə söyləyib.

Onun sözlərinə görə, informasiya texnologiyalarının yeni trendləri dövlət xidmətlərinin rəqəmsal transformasiyasında böyük rol oynayır: "Son illər bulud texnologiyası dövlət xidmətlərinin sürətləndirilməsində, şəffaflıqda mühüm rol oynayır. Bulud texnologiyası inkişaf məqsədlərinə nail olmaq üçün yaxşı bir həldir. Azərbaycanda "Hökumət buludu" yeni yaradılmağa başlanıb, Prezident İlham Əliyev bununla bağlı iyunun 3-də müvafiq fərman imzalayıb. Bu, rəqəmsal hökumətə keçidin təmin edilməsi, büdcə xərclərinə qənaət edilməsi üçün zəruri sayılıb. Bulud mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "DATA mərkəzi"ndə yaradılır, nazirliyimiz "Hökumət buludu"nun operatoru təyin edilib. Keçid Planı hazırlanacaq, hökumət strukturlarının mərhələli şəkildə "Hökumət buludu"na keçidi təmin olunacaq".

R. Quluzadə qeyd edib ki, 2018-ci ildə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində İnnovasiyalar Agentliyi yaradılıb: "Ölkəmizdə klasterlərin formalaşdırılması üçün İnnovasiyalar Agentliyi ilə özəl sektorun əməkdaşlığı vacibdir. Agentlik innovativ layihələri, startapları dəstəkləyir və maliyyələşdirir. Süni intellektə əsaslanan həlləri dəstəkləmək İnnovasiyalar Agentliyinin əsas vəzifələri sırasında yer alıb".

R. Quluzadə nəzərə çatdırıb ki, rəqəmli transformasiya kibertəhlükəsizliyi önə çıxarır: "Ölkəmiz 2008-ci ildə Avropa Şurasının Kibertəhlükəsizlik haqqında Konvensiyasını imzalayıb, 2009-cu ildə ratifikasiya edib. Kibercinayətlərlə mübarizə üçün qanunvericilikdə müvıafiq dəyişikliklər edilib, müvafiq strukturlar yaradılıb. Hazırda hökumət tərəfindən Azərbaycan Kibertəhlükəsizlik Strategiyasının qəbulu üçün iş aparılır. Rəqəmli informasiya üçün cəmiyyətin dəyişikliyə hazır olması tələb edilir. Bu istiqamətdə hökumətin üzərinə mühüm vəzifə düşür. Bu sahədə ixtisaslı kadrların hazırlanması vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR